Vəkilliyə namizədlərin icbari təlimi onlayn formada davam etdirilir


“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 22 fevral tarixli Sərəncamının icrasından irəli gələrək, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, artıq iki ildir ki, davamlı şəkildə aparılan vəkilliyə qəbul nəticəsində ölkəmizdə vəkillərin sayı 941 nəfərdən 1703 nəfərədək artıb.

Hazırda vəkilliyə yeni namizədlərin qəbulu çərçivəsində 84 nəfər vəkilliyə namizədlə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşəyə qəbul üzrə icbari təlimlər keçirilməkdədir.

Ölkəmizdə COVID-19 virusunun yayılması ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə görə dövlət və qeyri-dövlət təşkilatlarında işlərin əsas etibarilə İKT-nin tətbiqi ilə həyata keçirildiyi nəzərə alınaraq, Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin onlayn şəkildə təlimi həyata keçirilməkdədir.