Hökumətin bu tələbələrlə bağlı qərarı ALQIŞLANDI - Həssas qrupa dəstək ! 


 “Həssas qrupa aid olan tələbələrin sayı 20 mindən çoxdur. Onlar təhsil haqlarının ödənilməsində çətinlik çəkirlər”

“Həmin tələbələrə dövlət tərəfindən diqqət və qayğının göstərilməsi həqiqətən də təqdirəlayiqdir”



Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsi üçün qərar qəbul edib. Qərara əsasən, ödənişli əsaslarla əyani təhsil alan tələbələrin 2020-ci ildə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Həssas əhali qrupuna ünvanlı dövlət sosial yardımı alanlar, I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanlar daxildir.



Dövlətimizin daim hər bir vətəndaşının yanında olduğunu deyən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, bu, özünü hər dəfə imzalanan fərman və sərəncamlarda göstərib:

“Nazirlər Kabinetinin qərarı yalnız alqışa layiq olan bir sənəddir. Çünki həqiqətən belə bir dönəmdə Azərbaycanın bütün bölgələrində təhsil alan tələbələrimiz var ki, onların əksəriyyəti həssas qrupa aid olduğu üçün diqqətə ehtiyacı var. Belə tələbələrin sayı 20 mindən çoxdur. Onlar təhsil haqlarının ödənilməsində çətinlik çəkirlər. Həmin tələbələrə dövlət tərəfindən diqqət və qayğının göstərilməsi həqiqətən də təqdirəlayiqdir. Bu qərar bir daha onu göstərir ki, Prezidentimiz hər bir azərbaycanlının yanındadır. Ölkə başçısı nəinki həssas dönəmdə, başqa vaxtlar dəfələrlə vətəndaşların qayğısına qaldığını öz əməli və fəaliyyəti ilə sübut edib. Yeni qərar karantin dövründə tələbələrimizin həyata, dövlətə bağlılığını, insani münasibətlərin daha çox öndə olduğunu göstərdi. Gələcəkdə bizi idarə edəcək gənclərimiz dövlət tərəfindən diqqət və qayğı gördükləri üçün bunu özlərindən sonrakı nəslə ötürəcəklər. Ona görə də dövlətimizin tədbirləri çox gözəl ənənə və təşəbbüsdür”.