“Azərbaycan başqa ölkələr üçün nümunə oldu”  

“Əhalinin sağlamlığı və qorunması bir nömrəli məsələ idi. Bu məsələdə dövlətimiz çox ciddi nailiyyətlər əldə etdi”


“Azərbaycan dövləti bu pandemiya dövründə çox düşünülmüş və səriştəli addımlar atdı”

Bu sözləri “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib. 

M.Ələsgərli bildirib ki, Azərbaycan dövləti dünyada pandemiyaya qarşı mübarizədə ən yaxşı örnəkləri tətbiq etdi: 

“Eyni zamanda Azərbaycan özünəməxsus bir sıra praktiki addımlar atdı. Nəticələr göz qabağındadır. Pandemiya dövründə qarşıda duran ilk məsələ insan itkisinin qarşısını almaq idi. Əhalinin sağlamlığı və qorunması bir nömrəli məsələ idi. Bu məsələdə dövlətimiz çox ciddi nailiyyətlər əldə etdi. Nailiyyətlərii sübut edən bir faktı diqqətə çatdırmaq istəyirəm. Azərbaycanın ətrafındakı dövlətlərə baxaq. Dünyanın təqribən üç böyük ölkəsi ilə həmsərhədik. Söhbət Rusiya, Türkiyə və İrandan gedir. Bu üç iri dövlət koronavirusun yoluxma dərəcəsinə görə, dünyada ilk onluqda duran ölkələrdir. Məsələn, Türkiyə xəstəliyin yayılma dərəcəsinə görə, dünyada 7-ci, İran 8-ci, Rusiya isə 10-cu yerdədir. Yəni üç böyük qonşumuz pandemiyanın yayılma sürətinə, intevsivliyinə və çoxluğuna görə, dünyada ilk onluqda yer alır. Məntiqlə götürsək, Azərbaycanın intensiv əlaqə saxladığı üç qonşumuzdakı vəziyyətə görə, bizim ölkədə də xəstəlik sürətlə yayılmalı idi. Amma Azərbaycan həm sosial izolyasiya, həm qonşularla münasibətlərin tənzimlənməsi baxımından çox mühüm önləyici addımlar atdı. Ona görə də dünyada pandemiyanın ən az təsir etdiyi ölkələrdən biri oldu. Azərbaycan həqiqətən də orijinal addımlarla bu nailiyyəti əldə etdi”. 

Müşfiq Ələsgərlinin sözlərinə görə, pandemiya dövründə qarşıya qoyulmuş ikinci məsələ isə sosial və iqtisadi zərərlərin aradan qaldırılması idi: 

“Azərbaycan bu istiqamətdə də çox orijinal addımlar atdı. Ölkədə hər həftə yeni-yeni standartlar tətbiq olundu. Tətbiq olunan sosial paketlərdə əhalinin aztəminatlı hissəsindən tutmuş biznes strukturlarına, böyük iş adamlarına qədər hər kəsin marağı nəzərə alındı. İmkansız ailələrə bir formada yardım edildi, imkanlı olanlara və iş adamlarına isə başqa cür köməklik göstərildi. İşlər elə görüldü ki, cəmiyyətdə harmoniya pozulmasın, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı iflic vəziyyətə düşməsin. Hesab edirəm ki, cənab Prezidentin düşünərək tətbiq etdiyi bu qərarlar, yeni ideyalar nəinki Azərbaycanda effektli oldu, həmçinin, başqa ölkələr üçün də nümunə oldu”.