“Qanunsuz tikililərə şərait yaradan icra strukturlarıdır” – SƏRT İTTİHAM 

"Bir çox hallarda kommunikasiya xətlərinin üzərində evlər tikilir və nəticədə faciə ehtimalı yaranır”


“Fövqəladə Hallar Nazirliyi və icra strukturlarının xəbəri olmadan heç kim  heç nə edə bilməz”


Milli Məclisin plenar iclasında ombudsman Səbinə Əliyeva qanunsuz tikililərlə bağlı danışıb. O, deyib ki, hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşməlidir. S. Əliyeva vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınmasının yolverilməz olduğunu bildirib.

Ombudsmanın bu fikri ilə bağlı "Sherg.az"a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, qanunsuz tikililərin sökülməsi üçün məhkəmənin qərarının olması şərt deyil:



"Bu məsələ Mülki məcəllənin 180- ci maddəsində öz əksini tapıb. Qanunda göstərilir ki, tikinti üçün nəzərdə tutulmayan ərazidə tikilən evlər müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sökülməlidir. Yəni müvafiq icra hakimiyyəti orqanı da eyni səlahiyyətə malikdir. Əgər ombudsmanın səsləndirdiyi fikir qəbul olunacaqsa, gərək qanuna dəyişiklik edilsin"

 S. Məmmədov düşünür ki, belə hallara şərait yaradan yerli icra hakimiyyəti strukturlarıdır:

 "Bir çox hallarda kommunikasiya xətlərinin üzərində evlər tikilir və nəticədə faciə ehtimalı yaranır. Vətəndaşlar eyni düşüncəyə, imkana sahib deyillər. Ola bilsin ki, kimsə riskə gedir. Bəziləri də buna məcburdur. Əvvəlki vaxtlarda da  təhlükəli yerlərdə, pis şəraitdə, gecəqondularda yaşayanlar olurdu. Bu səbəbdən də yerli icra hakimiyyəti orqanları məsuliyyətli olmalı, belə hallara icazə verməməlidir. Fövqəladə Hallar Nazirliyinin, icra strukturlarının xəbəri olmadan heç kim  heç nə edə bilməz. Sadəcə, müvafiq qurumlar bəzən korrupsiya əməlləri törədərək, belə hallara yol verirlər. Nəticədə ciddi problemlər meydana çıxır. 
 
Liqa sədri problemdən çıxış yollarını da nəzərə çatdırdı: 

"Qəsəbələrlə kommunikasiya xətləri eyni yerdə ola bilməz. Bu, real təhlükə deməkdir. Yəni icra hakimiyyəti orqanları ya qəsəbələrin, ya da kommunikasiya xətlərinin yerini dəyişməlidir. Ən yaxşısı isə kommunikasiya xətləri çəkilmiş yerlərdə nəyinsə xətrinə evlərin tikintisinə icazə verməməkdir".