"Bu xalqın dilini meyxanaçılar və manıs müğənnilər bilir” – Yazıçı gileyləndi

“Xalqda meyxanaçını anlamaq potensialı güclüdü. Ona görə də onları irəli verirlər ki, get camaata “Evdə qal” de”

“Bu millət yazıçının sözünə qulaq asan olsa idi, Mirzə Cəlilin vəsiyyətnaməsini oxuyub, onun istədiyi kimi cəmiyyət, xalq olardı”



İki aya yaxındır, ölkə ərazisində koronaviusla mübarizə məqsədilə xüsusi karantin rejimi tətbiq edilir. Bu kiritik günlərdə millət olaraq həmrəylik nümayiş etdirməyə çalışırıq. Sıravi vətəndaşlar kimi şou dünyasının tanınmış simaları da “Evdə qal” kampaniyasına dəstək verir. Müxtəlif layihələrdə iştirak edərək video-roliklər hazırlayırlar. Beləliklə də xalqa “Evdə qal” çağırışı edirlər. 

Bəs nə üçün dövrümüzün qələm əhlini  həmin layihələrdə görmürük?

Elə bu sualı ünvanlamaq məqsədilə tanınmış yazar Kəramət Böyükçöllə əlaqə saxladıq. Məsələ ilə bağlı "Şərq"ə danışan  yazıçı karantin müddətində edilən yardımlardan da söz açaraq bildirdi ki, yazıçının nəyi var ki, camaata da nə yardım etsin:

“Yardıma ehtiyacı olanların ən böyüyü yazıçılar, şairlərdir. Çünki müğənni toya gedir, xalqın cahilliyindən, insanların, kütlənin savadsızlığından pul qazanır.  Orda  meyxana deyir, mahnı oxuyur, 5000,10000 camaat danasını, qoyununu satır, pul verir . Yazıçının kütləvi reytinqi yoxdur. Yazıçı gedib camaata nə yardım etsin? Özünə yardım edən lazımdır. "

K.Böyükçöl karantin müddətində meyxanaçıların qafiyə açaraq “Evdə qal!” kampaniyasına dəstək vermələrinə də toxundu: 

"Bu xalqın dilini meyxanaçılar, manıs müğənnilər bilir deyə onlara bir dənə qafiyə açıb deyirlər evdə qal.  Hamı bilir ki,  nə deyirsən de, bir dənə qafiyə de başa düşürlər. Bu xalqın dilini  Namiq Qaraçuxurlu, Mehman Əhmədli, Pərviz Bülbülə bilir.  Bu xalq nə vaxt yazıçının sözünü eşidib? Nə vaxt yazıçıya qulaq asıb ki? İndi yazıçı da deyəndəki evdə qal əməl etsin. Elə yazıçının sözünə qulaq asan olsa idi, Mirzə Cəlil bu xalqa böyük vəsiyyətnamə qoyub getmişdi.  Gedib onu oxuyub, Mirzə Cəlilin istədiyi kimi bir cəmiyyət, xalq olardı. Xalqın özündə yazıçını anlayacaq, başa düşəcək onun dilini hiss edəcək potensial yoxdu.  Xalqda meyxanaçını anlamaq potensialı güclüdü. Ona görə də onları irəli verirlər ki, get camaata “Evdə qal” de. Məni camaatın qabağına çıxarsalar, mən də xalqa “Evdə qal” desən, deyəcəklər bu niyə qafiyə ilə demir?!”