"Gürcüstanın narahatlığı əsassızdır, çünki Saakaşvili..." - ŞƏRH 

“...Ukraynada  hər hansı nazirlikdə, ölkənin idarəetməsində təmsil olunmur. İslahat Komissiyası icra qurumu deyil”


Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər. Bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib. O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb.

Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu - dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir: “Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə və sabah Gürcüstanda insanlar aclıqdan ölə bilərlər”. Saakaşvilinin sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib. Bununla bağlı açıqlama verən Gürcüstan rəhbəri Salome Zurabişvili Ukraynada Saakaşviliyə vəzifə verilməsinin Kiyevlə Tiflis arasında gərginlik yaradacığını iddia edib. 



Saakaşvilinin sözlərini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, sabiq prezidentə həvalə edilmiş vəzifə ölkənin idarəetmə və icra strukturuna aid deyil. Analitikin fikrincə, Saakaşvili Ukraynada bir növ ictimai funksiya yerinə yetirəcək: 

“Saakaşvili hər hansı nazirlikdə, ölkənin idarəetməsində təmsil olunmur. İslahat Komissiyası icra qurumu deyil. Ona görə də Gürcüstan hakimiyyətinin narahatlığı və tələbləri Kiyev tərəfindən əsassız görünür. Digər tərəfdən hazırda hansısa səbəbdən Gürcüstan-Ukrayna münasibətlərinin gərginləşməsi heç bir tərəfə xeyir verməz. Hər iki ölkə, o cümlədən Moldova Avropa İttifaqının Tərəfdaşlıq Proqramının iştirakçısıdır və assosiativ üzvüdür. Ölkələr bu üzvlüyün müqabilində müəyyən imtiyazlar əldə edirlər. Eyni zamanda 3 dövlət müxtəlif vahid platformalar qurublar. Bu platformalar Avropa ölkələri tərəfindən dəstəklənir”. 

Analitikə görə, əgər üç ölkə arasında ziddiyyət və qarşıdurma yaşansa, ilk növbədə dövlətlərin imicinə mənfi təsir göstərəcək: 

“Həm də Avropa İttifaqının həmin dövlətlərə münasibəti dəyişəcək. Unutmayaq ki, hər üç ölkənin əsas strateji hədəfi Aİ-yə girməkdir. Bu reallığı hər iki ölkənin siyasiləri gözəl başa düşürlər. Tərəflərin müxtəlif iddiaları sadəcə ritorikatıdır”.