9 yaşlı uşaq  əməliyyatdan sonra ölüb ! - Gecikmə, yoxsa həkim savadsızlığı ? !  

“Bizim həkimlər isə pul almaq üçün bir qayda olaraq bu məqamları qulaq ardına vururlar”

“O da ola bilər ki, xəstə gizli koronavirusa yoluxub. Sözsüz ki, həmin şəxs əməliyyat olduqda nəticələr ağır olur”



Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb. Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Appendisit xəstəliyində hər 100 nəfərə 1 ölümün normal sayıldığını deyən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, appendisit o qədər də yüngül bir xəstəlik deyil. Həkimin sözlərinə görə, appendisitə tutulan bir adam həkimə vaxtında müraciət etməsindən asılı olaraq xəstəliyin nəticəsi dəyişir:



“Gecikmiş hallarda isə 100 faiz ölüm baş verir. Ona görə də araşdırmaq lazımdır ki, uşağı vaxtında həkimə çatdırıblar ya yox. Məsələn, patlama olubsa, qarının iç tərəfinə irin yayılıbsa, belə xəstələri xilas etmək çox çətindir. Gərək cərrahlar xəstənin vəziyyəti haqqında obyektiv məlumat versinlər. Xəstənin yaxını bilməlidir ki, ölüm faizi nə qədərdir, əməliyyatın qüsurları nə ola bilər, hansı təhlükələr baş verə bilər. Bizim həkimlər isə pul almaq üçün bir qayda olaraq bu məqamları qulaq ardına vururlar. Lakin Avropada sığorta təbabəti olduğu üçün həkimlər xəstələrə ağır nəticələri şişirdilmiş şəkildə elan edirlər. Məsələn, ölüm halı mümkün deyil, amma deyirlər ki, ölüm ola bilər”.

S.Cəlaloğlu qeyd edib ki, baş verən hadisədə həkimin xəstəni hansı vəziyyətdə qəbul etdiyi bilinmir:

“Sual altındadır ki, xəstə appendisitin hansı mərhələsində müraciət edib. Ola bilərdi ki, əməliyyatın gedişində hansısa ciddi qüsurlar olsun, əlavə xəstəlik aşkar edilsin. Bunlar da ölümə gətirib çıxara bilir. İndiki halda koronavirus var. Ola bilsin, xəstə gizli koronavirusa yoluxub. Sözsüz ki, həmin şəxs əməliyyat olduqda nəticələr ağır olur. Bu məsələ həddindən artıq dərin formada təhlil edilməlidir”.