Zaxarovanın etirafı...

Hər an bölgədə müharibə alovlana bilər

Qarabağ münaqişəsinin həllinə Rusiya daha çox maraqlı olmalıdır


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsindən danışıb. XİN rəsmisi bəyan edib ki, münaqişənin nizamlanmasında kardinal irəliləyiş yoxdur:

“Rusiya həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdır. Bu ölkələrlə uzun dostluq, əməkdaşlıq tarixi əlaqələri olan qonşu ölkə kimi, həm də Minsk Qrupunun həmsədr dövləti kimi mümkün olanı edirik ki, bu münaqişənin həllinə konstruktiv töhfə verək”. Zaxarova əlavə edib ki, münaqişənin nizamlanmasında irəliləyiş olmasa da, nikbinlik qalmaqdadır.

Son günlər, xüsusən Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum açıqlamalarından sonra problemin həll variantları ictimaiyyətdə geniş müzakirə olunmaqdadır. Əksəriyyət hesab edir ki, hər zaman qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistana və onun himayədarlarına nəhayət konkret cavab verilməlidir. Hətta sosial şəbəkədə müharibə variantı yeganə çıxış yolu kimi göstərilir. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya XİN rəhbəri Mariya Zaxarova “həlli gecikən Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədib. Siyasi şərhçi vurğulayıb ki, Zaxarovanın münaqişənin həllinin gecikdiyini etiraf etməsi təsadüfi deyil:

“Rusiyanın siyasi rəhbərliyi yaxşı başa düşür ki, Azərbaycan dövləti və ictimaiyyəti münaqişənin həlli ilə bağlı həm İrəvandan, həm də həmsədr ölkə olan Rusiyadan konkret addımlar gözləyir. Rusiya regionun ən güclü dövləti kimi Qarabağ münaqişəsinin həllində müstəsna rola malikdir. Təəssüflər olsun ki, Ermənistan tərəfində münaqişənin nizamlanması ilə bağlı heç bir irəliləyiş görmürük. Baş nazir Nikol Paşinyan masa üzərində olan bütün məsələləri heçə endirib. Əslində eks-prezident Serj Sarkisyanın dönəmində olduğu kimi Qarabağ münaqişəsinin mərhələli həlli əsas müzakirə mövzusudur. İlkin olaraq ətraf rayonlarla bağlı məsələ həll olunmalıdır. Lakin düşmən ölkə buna yanaşmır. Məhz Ermənistana görə, Cənubi Qafqazda gərgin siyasi-hərbi vəziyyət mövcuddur”. 

Z.Məmmədovun sözlərinə görə, həmsədr ölkələr işğalçı Ermənistana təsir göstərmək əvəzinə, quru bəyanatlarla kifayətlənir, şərh xarakterli açıqlamalar verirlər:

“Vasitəçilər hər iki tərəfə ismarıclar verməklə işlərini bitmiş hesab edirlər. Halbuki, münaqişə tərəflərini bir-birindən ayırmaq, işğalçı ilə təcavüzə məruz qalmış ölkələri fərqləndirmək lazımdır. İşğalçı ilə başqa dildə danışılmalıdır. Əslində, münaqişənin həll olunmamasına görə həmsədr ölkələr içində Rusiya daha çox narahat olmalıdır. Nəzərə alaq ki, Rusiyanin təsir rıçaqları güclüdür. Həm də indiki halda ətraf rayonların qaytarılması Moskvanın maraqlarına cavab verir”. 

Ekspertin fikrincə, münaqişənin həllinin gecikməsi bölgədə arzuolunmaz vəziyyətə gətirib çıxara bilər:

“Maraqlı məqamlardan biri də region ölkələrinin Qarabağ münaqişəsinin həllinə sərgilədikləri münasibətdir. Xüsusən, İranın münaqişəyə baxış bucağı çox vacibdir. Həm Moskva, həm də Tehran münaqişənin ədalətli həlli üçün İrəvana təzyiq göstərməlidir. Prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Əks halda Ermənistanla danışıqlar başqa formada olacaq. Cənubi Qafqazda sabitliyin təmin olunması təkcə Azərbaycanın mövqeyindən asılı deyil. Regionun digər ölkələrinin də üzərinə böyük məsuliyyət düşür”.