Həkim: “Koronavirus mövqeyini dəyişə bilər...”

“Bu mənada maska taxmaq, sosial məsafəni qorumaq və gigiyenaya diqqət etməklə bağlı nəzarət güclənməlidir”

“Bu qaydalara ciddi formada nəzarət olsa, digər qaydaların aradan götürülməsini gözləmək olar” 


Sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib. O qeyd edib ki, karantinin uzadılmasına məcburuq:

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”. 

Vəziyyəti dəyərləndirən həkim-psixoterapevt Əli Nağıyev“Sherg.az”a bildirib ki, hər zaman Operativ Qərargahın obyektiv qərarlar verdiyini düşünür:

 “Tövsiyə edirəm ki, həkim olmayan vətəndaşlarımız da bu qərarların vacibliyini anlasınlar və qəbul etsinlər. Bəzi baxış bucağı var ki, xəstəliyin qarşısı sərt karantin rejimi ilə yox gigiyena qaydalarına əməl etməklə alınmalıdır. Amma təəssüf ki, ölkəmizdə bunun keçərli olmadığını gördük. Vətəndaşlarımız maksimum məsuliyyətli olmadılar və yoluxanların sayı artdı”. 

Ə.Nağıyev karantinin uzadılmasının əleyhinə çıxılmasında heç bir məntiq olmadığını düşünür: 

“Amma xəstəlikdən sağalanların sayı artır. Bu zaman belə bir fikir formalaşır ki, ola bilsin xəstəliyin öldürücülük qabiliyyəti azalır. Obrazlı desək, koronavirus özü də mövqeyini dəyişə bilər ki, “yoluxduğum insanı öldürməyim, çünki öldürmək mənə sərf etmir”. Bəlkə bu mənada maska taxmaq, sosial məsafəni qorumaq və gigiyenaya diqqət etməklə bağlı nəzarət güclənməlidir.

Bu qaydalara ciddi formada nəzarət olsa, digər qaydaların aradan götürülməsini gözləmək olar”.