“Azərbaycanın Yaxın Şərq siyasəti yenidən hazırlanmalıdır” 

“Yeni XİN başçısının ərəb ölkələrinə diqqət artırması mütləqdir”



“İordaniyanın Ermənistana silah ixrac etməsi və digər ərəb ölkələrinin işğalçı ölkəyə investisiya yatırması, Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkələrlə sıx əlaqələr qurmamasının nəticəsədir”. 

Bunu “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, İslam Konfransı Təşkilatının təkcə ildə bir dəfə leyhimizə Qarabağla bağlı olan qətnamə qəbul etməklə kifayətlənmişik. 
Ancaq bu da nəyisə müsbətə doğru dəyişdirməyib: 



“İslam Konfrans Təşkilatının ayrı-ayrı üzvüləri ilə sıx əməkdaşlıq etmək lazımdır. Ərəb ölkələri, Səudiyyə Ərəbistanı istisna olmaqla Ermənistanla əməkdaşlıq edir və bu ölkəyə yatırım edirlər. Azərbaycanın Yaxın Şərq siyasəti yenidən hazırlanmalıdır. 

Yeni xarici işlər naziri bu istiqamətdə ciddi işlər görməlidir. 

İordaniya və körfəz ərəb ölkələri ilə məsuliyyətli diplomatlar işləməlidir. Ermənistanın yeni strategiyasında İslam Konfransı Təşkilatının üzvüləri sıx əməkdaşlıq etmək pioritet kimi qəbul edilib. 
Ermənistanın bu ölkələrdə təsirini zəiflətmək üçün Səudiyyə Ərəbistanın potensialından istifadə etmək zəruridir”.

Analitikə görə, İordaniyanın Ermənistandan silah ixrac etməsi İslam Konfransı Təşkilatındakı problemlərdən qaynaqlanır: 

“Həmçinin, Ərəb Liqası ilə işləməliyik. Onlara demək lazımdır ki, məhz Azərbaycan ərəb dünyasını nəzərə alaraq İsraildə səfirlik açmır və Qüds məsələsində BMT -nin qərarlarını dəstəkləyir. Yeni XİN başçısının ərəb ölkələrinə diqqət artırması mütləqdir”.