Aslan Aslanov ölkə başçısına yazır: “Demokratik islahatlarınız sayəsində AZƏRTAC dünyada layiqli yer tutub”

Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər. 

“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb. 
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Prezidentə məktubunda deyilir: 

“Zati-aliləri, Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kollektivimizin üzvlərinin bir qrupunun fəxri adlara, “Tərəqqi” medalına və Prezidentin fərdi təqaüdünə layiq görülməsi haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizin yüksək diqqət və qayğınız sayəsində agentliyin işinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Kollektivimiz qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk edərək Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən və xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli borcu hesab edir.
Ali diqqətinizə məruzə edirəm ki, agentliyimiz üzvü olduğu beynəlxalq media təşkilatlarının saytlarında, eləcə də əməkdaşlıq əlaqələri qurduğu 50 ölkənin 100-dən çox informasiya resursunda düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı barədə xəbərlər yayılmasına nail olub və bu istiqamətdə işimizi davam etdiririk.

Möhtərəm cənab Prezident, sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanlar dövlətimizə, ordumuza və şəxsən Sizə - Ali Baş Komandanımıza öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axışdı.Bu, xalq-iqtidar birliyini nümayiş etdirən qürurverici mənzərə olaraq qəlbimizi riqqətə gətirdi.Bir qrup təxribatçı bu vətənpərvər addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə cəhd göstərsə də, öz məkrli niyyətinə çata bilmədi.Biz də bir jurnalist və vətəndaş olaraq səsimizi milyonların səsinə qatır, antimilli qüvvələrin bu təxribatını qətiyyətlə pisləyirik.

Sizin rəhbərliyinizlə həyata keçirilən demokratik islahatlar AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutmasında mühüm rol oynamışdır.Hazırda öz kanalları ilə 8 dildə informasiya yayan agentliyimiz 5O-yə yaxın ölkənin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, 3 beynəlxalq, 4 regional media qurumunda fəal təmsil olunur.Bütün bu uğurlar məhz Sizin sayənizdə dünya birliyində sayılıb-seçilən müasir müstəqil Azərbaycan dövlətinə, ölkəmizə beynəlxalq aləmdə artan etibarın göstəricisidir.

Zati-aliləri, Sizi əmin edirik ki, dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyev ideallarına sadiq olan kollektivimiz öz missiyasını yüksək səviyyədə yerinə yetirmək, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.

Ölkəmizin qüdrətlənməsi, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, işğalçı Ermənistanla diplomatiya və informasiya cəbhəsində qələbənin təmin edilməsi istiqamətində Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə dəstək verməkdə davam edəcəyik.
Möhtərəm cənab Prezident, Sizə bir daha ən səmimi minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik”.