Media etikası bu bucaqları necə əhatə edə bilər
Bu gün medianı cəmiyyətdə etika meyarlarını müəyyən edən amillərdən biri kimi analiz edib dəyərləndirdikdə bəzi suallar ortaya çıxır. Bir işin etik olmasının əsas şərtlərindən biri də bunu edən şəxsin heç bir məcburiyyət, təzyiq və manipulyasiya olmadan öz iradəsi ilə etməsidir. Rəqəmsal rəqabət dünyasında bu anlayışların mövcudluğunu nəzərə alsaq, medianın etik çərçivəsinin necə hesablandığı müəmmalıdır.
Bu məqamda mühüm nüanslardan biri də medianın əsas istiqaməti olan gücdür. İqtidar və media arasındakı əlaqəni araşdırarkən, biz etika anlayışını fərqli aspektdən yenidən nəzərdən keçirməyə və etikanın əslində sosial-iqtisadi və siyasi sistemlərin formalaşdırdığı bir anlayış olub-olmadığını anlamağa çalışırıq. Bu istiqamətdəki tətqiqatlar media və güc tərəfinin münasibətlərinin medianın iş prosesində etik prinsiplərə necə təsir etdiyini araşdırır. Ümumiyyətlə, araşdırmalara əsasən bəzi Şərq ölkələrində media azadlığı, demokratiya, obyektivlik və bu kimi anlayışların diqqətdən kənarda qaldığı və təzyiq, manipulyasiya, senzura kimi anlayışların üstünlük təşkil etməsi haqqında elmi fərziyyələr çoxluq təşkil edir.
İnsanlar sosial varlıq kimi həmişə ictimai həyatın və elmin mərkəzində durduğundan insan davranışı pedaqogika, psixologiya, hüquq, fəlsəfə və digər elmlər tərəfindən mütəmadi olaraq təhlil edilən bir anlayışdır. Fəlsəfi-etik ədəbiyyatda davranış dəyişən və ya sabit mühitdə daimi xarakter daşıyan və mənəvi əhəmiyyət kəsb edən insan hərəkətlərinin məcmusu kimi müəyyən edilir. Etika tarixində davranış məsələsini, şüur və davranış arasında əlaqəni ilk dəfə qeyd edən Aristotel olsa da, Hegelin əsərlərində həqiqi əxlaqi şüurun hərəkət və davranışlara səbəb olan şüur olduğu fikirlərini daha aydın görə bilərik. Əxlaq və məqsəd ayrılmaz anlayışlardır, çünki etik nəzarət vasitə və məqsəd kimi məqamlara bölünür. Əxlaqın belə bir “qızıl qanunu” var: vasitə olmadan məqsəd mənasız olduğu kimi, məqsədi olmayan vasitə də kordur.
Etika anlayışını insan fəaliyyəti və münasibətləri baxımından araşdırmaq üçün ilk növbədə etika fəlsəfəsinə və etikanın insanlara və davranışlara necə təsir etdiyinə baxmaq vacibdir. Pieper yazır ki, etikanın əsl məqsədi insanın özü üçün əsaslı əxlaqi qərarlar verməli olduğunu və bu zaman başqa heç kimə - hakimiyyət qurmağa çalışanlara, səriştəli adlanan şəxslərə, valideynlərə, müəllimlərə, din xadimlərinə və başqa şəxslərə tabe olmamalı olduğunu göstərməkdir. Pieper, Badiou, Kant və başqaları kimi bir çox aydınların tədqiq etdiyi yunanca “ethos” sözündən dilimizə daxil olan etika anlayışı əvvəlcə xarakter mənasındaydısa, müasir düşüncədə “ethos” sözü “mədəniyyətin, icmanın və ya qrupun xarakteri” kimi müəyyən edilir. Fəlsəfənin əxlaqi davranışlarla məşğul olan sahəsi - etika “yaxşı nədir, pis nədir, doğru nədir, yanlış nədir” kimi suallara cavab axtarır və bunları nəyin, kimin müəyyən etdiyini anlamağa çalışır.
Etikanın qruplaşdırılmasında müxtəlif yanaşmalar və müxtəlif təhlillər mövcuddur. Eyni zamanda nəzəriyyəçilərin müxtəlif aspektlərdən təhlil etdikləri ən qlobal etik araşdırma sahələrindən biri də media etikasıdır. Media etikası bu sahənin nəzəriyyəçiləri və mütəxəssisləri tərəfindən mətbuat etikası, jurnalist etikası və peşə etikası olaraq da adlandırılır. Bütün bunları ümumiləşdirsək, bu sahəni yazılı, audio və ya audiovizual mediada çalışan jurnalistlərin iş etikası kimi dəyərləndirmək olar.
Bu gün medianın fəaliyyəti hər bir ölkənin hökumətinin yaratdığı şərait və imkanlar çərçivəsində tənzimlənir və etik normalar da bu fəaliyyət çərçivəsində müəyyənləşir. Məsələn, Amerika mediası, Azərbaycan mediası, İsveç mediası və Suriya mediası müxtəlif cür təhlil oluna bilər. Başqa mənada, media həm cəmiyyətin, həm də iqtidarın güzgüsüdür. Ona görə də biz ölkə mediasını təhlil edəndə, medianın etik prinsiplərinə nəzər salanda ilk növbədə güc anlayışını anlamalı və sözügedən ölkənin iqtidarının mediaya və siyasətə təsirinə nəzər salmalıyıq. Məsələyə bu prizmadan baxdıqda belə deyə bilərik: Güclü olan, oyunun qaydalarını müəyyən edir. Təbii ki, dövlətdən dəstək ala bilməyən özəl media qurumları reklam qarşılığında sponsor şirkətlərlə əməkdaşlıq edirlər. Bu məqamda iqtidar-güc tərəfini sponsor şirkətlər hesab etmək olar. Medianın fəaliyyətini təşkil edərkən təsirləndiyi məqamları təhlil etsək, xəbərin təsiri, beynəlxalq standartların təsiri, cəmiyyət və tamaşaçı (oxucu), hakimiyyət və güc strukturlarının təsiri, medianın təsiri, reklam sponsorlarının təsiri və buna bənzər bir neçə məqamı vurğulamaq olar. Beləliklə, medianın fəaliyyətində etik anlayış axtarılarkən yan təsirlər də nəzərə alınmalıdır.
Güc anlayışını anlamaq üçün Heyvood, Foukault, Gramsci, Canetti, Russell və Veberin təriflərinə nəzər saldıqda bənzərsiz təriflərlə qarşılaşırıq. Foukaultun tərifinə görə, iqtidar siyasətlə yanaşı, gündəlik həyatımızın ayrılmaz hissəsidir. İqtidarın çoxşaxəli funksionallığı var və bu funksionallıq siyasətə xas deyil. İqtidar həm görünən, həm də görünməyən, həm açıq, həm də gizli, düşünüldüyündən daha təsirli olduğunu bildirən Foukault iqtidarın hər yerdə olduğunu iddia edir. Dövlət hakimiyyətindəki iqtidar versiyalarından başlayaraq işdə, sevgidə, ailədə, dost qruplarında və hər yerdə bunun nümunələrini görə bilərik. Bu mənada Foukault iqtidarı mürəkkəb strateji vəziyyət kimi səciyyələndirilir. Dövlət idarəçiliyində iqtidar anlayışına əsaslanaraq, media və iqtidar münasibətlərində etik prinsipləri müxtəlif aspektlərdən təhlil etmək olar. Bu təhlil prosesində iqtidar və media münasibətlərini müsbət və mənfi cəhətlərə görə qiymətləndirə bilərik. İqtidarın nəzarəti altında medianın məlumat almaq hüququ tam təmin oluna bilər. Lakin bu bir faktdır ki, bu vəziyyət medianın qərəzsizliyi və müstəqilliyi prinsiplərinə xələl gətirə bilər. Kütləvi informasiya vasitələrinin iqtidarla münasibətləri nəticəsində media nümayəndələrinin hüquq və vəzifələri etik normalara uyğun olaraq tam şəkildə həyata keçirilə bilər. Bura xəbərlərin qiymətləndirilməsi, dəqiqlik, müxtəliflik və ictimai maraq kimi prinsiplərə uyğun gələn media məzmununun istehsalı daxildir. Bu gün aktual problemlərdən biri də media nümayəndələrinin şəxsi təhlükəsizliyinin təmin edilməsidir. Bu, jurnalistlərin obyektiv məlumat vermək imkanlarını qorumaq və ifadə azadlığını qorumaq üçün çox vacibdir. Bununla bağlı görüləcək tədbirlər mətbuat azadlığına xələl gətirmədən media işçilərinin fiziki və psixoloji təhlükəsizliyinin təmin edilməsinə yönəlməlidir. Bundan əlavə, media nümayəndələrinin şəxsi imkanlarının və media resurslarının inkişafı istiqamətində birgə addımlar atıla bilər. Media təhsili, texnoloji infrastrukturun gücləndirilməsi və medianın davamlı maliyyələşdirmə modellərinin yaradılması kimi tədbirlər medianın keyfiyyətini və effektivliyini artıra bilər. Bu addımlar medianın cəmiyyətə daha yaxşı xidmət etməsinə və demokratik proseslərə daha effektiv töhfə verməyə imkan verə bilər.
Medianın iqtidarla münasibətlərinin mənfi və qeyri-etik tərəflərini analiz edərkən qeyd edə bilərik ki, media və iqtidar münasibətlərinin nəticəsi olaraq iqtidar-güc media üzərində effektiv nəzarət mexanizmi olması mümkündür. Bu, xəbər seçimi, çərçivə və hətta senzura kimi amillər vasitəsilə media məzmununa təsir göstərə bilər. İqtidarda olanların mediadan öz maraqları üçün istifadəsi şəksizdir. Məsələn, müəyyən bir siyasi partiyanı, ideologiyanı və ya lideri vurğulamaq üçün mediadan istifadə edilə bilər və təbliğat və manipulyasiya xəbərlərin təqdimatı ilə bağlı etik problemlərə səbəb ola bilər. Media cəmiyyətin məlumatlandırılmasına və demokratik bir cəmiyyətdə iştirakın təşviqinə cavabdehdir. Lakin iqtidarla münasibətlər medianın bu vəzifəsinə təsir göstərir. Media sosial məsuliyyət daşımalıdır. Lakin iqtidar, güc münasibətləri medianı bu məsuliyyəti yerinə yetirməyə məcbur edə və ya əngəlləyə bilər.
Media etikasına nəzər saldıqda görərik ki, nəzəriyyəçilər kimi ölkələrin də fərqli yanaşmaları var. Məsələn, Avropa və Amerikada medianın etik kodları fərqlidir. Avropa jurnalistlər və media mütəxəssisləri üçün xüsusi kodları tövsiyə etsə də, ABŞ-də media mütəxəssisləri öz etik prinsiplərini müəyyən edirlər. Media işçisi üçün ən yüksək etik addımlardan başlıcası hadisəni heç bir təzyiq olmadan şəffaf və adekvat formada xəbər şəklində ictimaiyyətə çatdırmaqdır. Qərbdə media reklam şirkətləri ilə ayaqlaşmağa çalışdığı halda, Şərqdə bu addımları daha çox media və iqtidar münasibətlərində görmək mümkündür. Əgər bir qrupun gücü başqa qüvvələr tərəfindən idarə olunursa, o güc artıq həmin qrupa aid deyil. Araşdırmaçıların iddiasına əsasən, mətbuat üçün adı çəkilən “dördüncü hakimiyyət” anlayışı Şərqdə daha çox dominant güclərin - iqtidarın əlində cəmləşib.
Ümid Oruc