Gömrük qaydaları sərtləşdirilir

Xaricdən daha 300 dollardan artıq mal gətirmək mümkün olmayacaq

Bu onu göstərir ki, yeni qaydalar bazarda hegemonluğa malik yerli və şəbəkə şirkətlərinin işinə daha çox yarayacaq


Hökumət yenidən fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malın maksimal məbləğini aşağı salıb. Yəni indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, e-ticarətlə, poçt yolu ilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə, bu rəqəmlər müvafiq olaraq 800 və 300 dollara endirilib. Yəni vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. 



Gömrük qaydalarının sərtləşdirilməsi ilə bağlı fikirlərini “Şərq”ə dəyərləndirilən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, pandemiya dövründə onlayn ticarətdə ciddi artım müşahidə olunurdu. Onun sözlərinə görə, ilin əvvəlindən bugünədək dünyada onlayn ticarətdə 4 dəfə artım olub:

“Düşünürəm ki, Nazirlər Kabinetinin xaricdən məhsul sifarişi limitinin endirilməsi ilə bağlı verilmiş qərar yanlış bir qərardır. Ümumiyyətlə, bununla bağlı vergi rüsumlarının artırılması məntiqli və düzgün deyil. Çünki bu həm vətəndaşlar, həm də poçt xidmətləri üçün əlavə problemlər yaradacaq. Məsələn, əgər mən dəyəri ucuz olan məhsullardan çox sifariş etmək istəyirəmsə və 300 dollardan artığa icazə yoxdursa, o zaman 300 dollarlıq öz adıma, yerdə qalanlarını isə başqa insanların adına sifariş verəcəyəm.

Nə dəyişəcək? Bu sadəcə insanları incitmək, onların problemlərini artırmaqdan başqa bir şey deyil. Düşünürəm ki, ölkədə yerli istehsal olmadığı bir zamanda adi vətəndaşlar tərəfindən şəxsi məqsədlə gətirilən mallara məhdudiyyət tətbiq etmək doğru bir yanaşma deyil. Bu, sadəcə bir qrup idxalçıları, daha doğrusu, məlum sahələr üzrə "bazarın böyük hegemonlarını" himayə etməkdir.

Müşahidələr göstərir ki, vətəndaşların karqo-daşıma şirkətləri ilə gətirdiyi malların demək olar ki, heç biri ölkədə istehsal olunmur. Vətəndaşların yerli bazarda baha olan bir malı xarici bazardan ucuz almasının qarşısını almaq, fikrimcə, yerli bazarı qorumaq deyil”.

Bu qərarla, texnikaların gətirilməsinin kifayət qədər çətinləşəcəyini vurğulayan iqtisadçı-ekspert bildirib ki, müəyyən olunan limitdən (300$) yuxarı məbləğə hansısa bir mal, məsələn, xaricdən mobil telefon alan hər bir sadə vətəndaş əlavə ödənişlər etməlidir:

“Məsələn, vətəndaş 700 manatlıq telefonu xarici internet mağazadan alıb poçtla gətirmək istəyirsə əlavə olaraq 142 manat ödəniş etməlidir. Bu tamamilə düzgün olmayan qaydalardır. Bu onu göstərir ki, yeni qaydalar bazarda hegemonluğa malik yerli və şəbəkə şirkətlərinin işinə daha çox yarayacaq. Yəni qiymətlərin yüksəldilməsi onlara əsl fürsət yaradacaq.

Hesab edirəm ki, bu, ölkənin və dünyanın çağırışlarına cavab verməyən bir yanaşmadır. Çünki dövlət başçısı bütün çıxışlarında sadə vətəndaşların haqqına girməməyə, onların maddi rifah halının yüksəldilməsinin vacibliyinə diqqət çəkir. Vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi indiki halda daha doğru olardı.

Düşünürəm ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir və bu da liberal iqtisadiyyat anlayışına tamamilə ziddir”.