Putinlə Lukaşenko nəyi müzakirə edəcək ? – Xarici faktorlar var!  


Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub . Telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər. Dövlət başçıları yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar.



Görüşdə müzakirə olunacaq məsələlərə dair “Sherg.az”a danışan politoloq İlqar Vəlizadənin fikrincə yəqin ki, tərəflər ilk öncə Belarusda yaranmış vəziyyəti müzakirə edəcəklər. 

Analitikin sözlərinə görə, Belarusda baş verənlərdə daxili faktorlarla yanaşı xarici faktorlarda rol oynayır:

“Çox güman ki, görüş zamanı Belarusdakı xarici faktorların təsiri ilə bağlı fikir mübadiləsi aparılacaq. Ola bilsin ki, konkret qərarlar qəbul olunacaq və ya hansısa proqram hazırlana bilər”. 

İ.Vəlizadənin fikrincə, heç kəsə sirr deyil ki, Belarusdakı hadisələrə Polşa, Litva, Ukrayna kimi dövlətlər də maraq göstərir, hətta açıq bəyənatlar verirlər:

“Bu da Rusiyanı narahat edir və Lukaşenkonun narazılığına səbəb olur. Bu baxımdan birgə işlərin görülməsindən söhbət gedə bilər. Ümumiyyətlə, Belarusdakı siyasi-iqtisadi vəziyyət mürəkkəbdir. Bir çox aparıcı müəssəsələr tətil edirlər.

Əlbəttə ki, bu hal pandemiya dövründə Belarusu ağır vəziyyətə qoyur. Çox güman ki, görüşdə Rusiyanın Belarusa iqtisadi yardımı da müzakirə oluna bilər”.