Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - Politoloq 

Prezidentin  fikirləri həm də qarşı tərəfə çox ciddi mesajdır

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. Hətta indi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Simonyanın bu çıxışı Prezident İlham Əliyevin açıqlamasına cavabdır.

"Çünki Prezident İlham Əliyev çıxışında Gürcüstana olduğu kimi Ermənistana da qaz satıla biləcəyini deyib. Prezidentin bu fikiri həm də qarşı tərəfə çox ciddi mesajdır. Çünki bu çıxışda deyiləndən çox deyilməyən məqamlar var. Prezident bu fikiri söyləməklə rəsmi İrəvanın bizimlə normal münasibətlər qurduğu təqdirdə onun enerji təhlükəsizliyini təmin edə biləcəyini də deyib. Bu həm də sətir altı şəkildə Ermənistanın hərbi təhlükəsizliyinində Türkiyə və Azərbaycanla normal münasibətlərdən keçdiyini bəyan edir. Çünki Ermənistan region ölkələri ilə yaxşı münasibətlər saxlamasa 10 min kilometrlərlə uzaqda olan hər hansı qlobal güc mərkəzi onun təhlükəsizliyini təmin edə bilməz. Ermənistan reallığı görə bilsə, və Azərbaycanın sülhə uzanan əlini tuta bilsə, bu Ermənistanın gələcəyini həll edəcək. 
Məsələnin sülhə proseslərinə təsirinə gəldikdə isə tərəflərin qarşılıqlı ticari-iqtisadi əlaqələr saxlaması üçün əlbəttə ki, sülh müqaviləsi imzalanmalıdır. Qazaxın 4 kəndinin qaytarılması tərəflərin sülh proseslərinə getdiyinin nümunəsdir. Azərbaycan sülhə və əməkdaşlığa hazırdır və açıqlamalarında daim bunu bildirib".

Yusif  Məmmədxanlı