“Bölgəmizi qarış-qarış, addım-addım, adam-adam, kənd-kənd tanıyıram”
"VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüşəm".
"Sherg.az"ın xəbərinə görə, bunu “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev deyib. Hüquq müdafiəçisi bildirib ki, seçkilərə ciddi şəkildə hazırlaşır: "Artıq seçki komandası formalaşıb, bölgəmizin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları, icma, rəy liderləri ilə mütəmadi müzakirə aparıram. Bölgəmizi dahi Məmməd Arazın təbirincə desək, qarış-qarış, addım-addım, adam-adam, kənd-kənd tanıyıram. Çətinlikləri, qaldırılmalı olan məsələləri bilirəm. Onlarla əlaqədar geniş məsələhətləşmələr aparıram. Seçki kampaniyası həm də problemlərin "palaz alıtından gün işığına çıxarılması" imkanı yaradır. Son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınmışdı. Çalışacağam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin. Namizədliyimi geri götürməyim haqqında şayiələr yayılır. Bu, tamamilə yalandır, sona qədər, qələbə əldə edənədək mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək".