Təhsil almaq üçün ayaqyolu təmizlədi

Bir müəllimin çadırdan başlanan həyat hekayəsi

  Ailəsiylə birlikdə çadırda yaşayan Yusif Tümay çəkdiyi əziyyətlərə rəğmən müəllim peşəsinə yiyələnməyi bacarıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Yusuf müəllimin həyat hekayəsini təqdim edir. Yusif Tümay 1978-ci ildə Türkiyənin Osmaniyyə bölgəsində anadan olub. Əslən Adıyamandan olan kəndli valideynlərinin 10 övladından ən kiçiyi Yusif olub. Ata-anası mövsümi işlərdə çalışdığından Yusif də ailəsiylə birlikdə çadırda yaşayıb, tarlada yayda yay, qışda qışa uyğun işlər görüb, ata-anasına kömək edib. Bununla belə, oxumaqdan heç vaz keçməyib. Harada yaşayıblarsa, ora yaxın hansı məktəb olubsa, ora oxumağa gedib. Yusifin nə kitabı olub, nə dəftəri, nə də qələmi. Başqalarının geyimi ilə məktəbə gedib, məktəb çantası da olmayıb. Günortaya qədər tarlada çalışıb, günortadan sonra dərslərini oxuyub. Belə ağır şərtlərlə imtahanlara hazırlaşıb. Çox çətin uşaqlıq yaşayıb, ehtiyac içində böyüyüb. Lakin oxumağa olan marağı heç azalmayıb, qarşısına məqsəd qoyub ki, oxuyacaq, təhsil alacaq. Ailəsinin maddi durumu aşağı olduğundan Yusifin təhsil almasıyla maraqlanmayıblar. Orta məktəbi də, yuxarı sinifləri də özü çalışaraq başa vurub. Ali məktəbə hazırlaşanda isə tədris kurslarına getmək üçün kursun müdiri ilə özü görüşüb, səhər saat 8-dən günortaya kimi kurslarda iştirak etməsinə icazə alıb. Bunun qarşılığında isə ayaqyolunu təmizləməyi üzərinə götürüb. Ali məktəbə sənədlərini verib və qəbul olunub. Yusifin arzusu müəllim, həm də kənd müəllimi olmaq, onun kimi əziyyət çəkən, imkansızlıqdan təhsil ala bilməyən uşaqların təhsilinə kömək etmək idi. Yusif Tümay Van Yüzüncü İl Universitetinin sinif müəllimi bölümünü qazanıb. Ali məktəbi bitirər-bitirməz də kənd yollarına düşərək harada çətin vəziyyətdə yaşayan uşaqlar varsa, onlara təhsil verməyə başlayıb. Diyarbəkir, Siirt, Batman, Van bölgələrində müəllimlik edib. “Həmişə işlədim. Öz gücümlə yaşamağa çalışdım. Uşaqlara bacardıqca yardım əlimi uzadıram. Heç bir uşaq təhsilsiz qalmasın, bütün uşaqlar oxusun, istəyirəm”, deyən Yusif Tümay bölgədə uşaqlara yardım edən Çocuklar Dərnəyinin imkansız uşaqların ehtiyaclarını qarşıladığını deyib. Uşaqlara ayaqqabı, idman çəkməsi, məktəbli geyimi, dərs vəsaitləri payladıqlarını söyləyən Yusif Tümay yardım etdikləri uşaqların sayının 100 mini ötdüyünü, bu xeyirxah işdə məmnuniyyətlə çalışdığını deyib.