Çin inşaatının sirri

Bambuk ağacından istifadə edirlər

  Honq-Konqda hündürmərtəbəli binaların az qala hər gün bir göz qırpımında ucalmasının sirri məlum olub. Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsində yerləşən eyni adlı bu şəhərdə 7.5 milyon insan məskunlaşıb. Hazırda Honq Konq dünyanın inkişaf etmiş, ən sıx məskunlaşma olan şəhərlərindən biridir və təbii ki, yaşayış və inzibati binalara, ofislərə də hər keçən gün tələbat artır. Çinin inşaat sektoru isə yüksək tələbatı qarşılamağın asan və ucuz yolunu tapıb. Tikinti şirkətləri binaların tikintisində dəmir – polad konstruksiyalardan deyil, bambuk ağacının budaqlarından istifadə edirlər.
  “Sherg.az” “Miliyet.com.tr”yə istinadən xəbər verir ki, bambuk ağacının budaqları gün ərzində 90 santimetrə qədər uzanır, budaqlar uzandıqca da Honq Konq küçələrində göydələnlər yüksəlir. Tikinti sektorunun bambuk ağaclarından istifadəyə önəm verməsinin səbəbləri nədir? Əvvəla, poladdan da möhkəm olmaları və əlbəttə ki, ucuz başa gəlməsi. Adətən tikinti-təmir işləri zamanı dəmir nərdivanlar – konstruksiyalar quraşdırılır, fəhlələr onlar sayəsində yuxarı mərtəbələrdə iş aparırlar. Lakin dəmir konstruksiyalar heç də düşünüldüyü kimi təhlükəsiz hesab edilmir. Küləkli, yağışlı havalarda bu dəmir nərdivanlar titrəyir və sürüşkən olur. Bu da işçilər üçün təhlükə yaradır. Bambuk ağacının budaqları isə elastik olduğundan küləyin səmtinə uyğunlaşa bilir, möhkəmliyinə isə şübhə ola bilməz. Bambuk ağacı poladdan da möhkəmdir. Çinin tikinti sektoru da bambuk ağacının budaqları sayəsində Honq Konqda göydələnlərin sayını hər gün artırır, buludlara ucalan binalar inşa edirlər. Burada inşaat işlərində hər il 4 milyon yarımdan artıq bambuk qamışı istifadə edilir. Yaşıl qamışlar – ağac budaqları şəhərin mənzərəsini daha da cazibəli edir. Tikinti sahələri yaşıl qamışdan hörülmüş xalçaya bənzəyir. Bambukdan hörülən konstruksiyalar çox möhkəm və elastikdir. Bambuk qamışı 18 min gərilmə qüvvəsinə malikdir. Bu, poladın 14 min gərilmə qüvvəsindən daha möhkəmdir. Honq Konqda polad konstruksiyalardan demək olar, heç istifadə edilmir. Həm də bambuk ağacından istifadə ekologiyaya da ziyan vurmur. Honq Konqda və ətraf bölgələrdə yetişən bu ağacdan istifadə etmək, qamışların daşınması tikinti şirkətlərinə ucuz başa gəlir. İşin ciddi tərəfi, sadəcə, qamışları bir-birinə möhkəm bağlamaq, şəbəkə qurmaqdır. Bu peşə xüsusi olaraq təlim edilir və təlim keçməmiş işçilər tikintidə işə götürülmür. Tikintidə işləmək üçün 3 il təlim keçib təcrübə toplamaq tələb olunur. Hazırda Honq Konqda bambuk qamışından konstruksiya quraşdıra bilən 2 min 500 işçi qeydiyyatdadır. Bambuk qamışlarından tikintidə istifadə edilməsinin tarixi isə 500 il əvvələ gedib çıxır. Bambuk ağacının budaqları elastik olduğundan zəlzələ bölgələrində daha çox istifadə edilir.