“Vaşinqtonun təsəvvüründə Azərbaycan üçün “ağrılı güzəşt” sülh müqaviləsini imzalamaq və Ermənistana hücum etməyəcəyinə dair vəd verməkdir”.
Bunu “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan deyib.
Onun sözlərinə görə, Vaşinqton bunun qarşılığında İrəvandan Bakının bütün tələblərinin icrasını tələb edir:
“Söhbət yeni konstitusiyanın qəbulu, anklavların və o ərazilərə gedən yolların təhvil verilməsi, azərbaycanlıların qayıdış haqlarının gücləndirilməsi, geri dönəcək şəxslərin təhlükəsizliyini qorumaq üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğunun təmin olunması və Zəngəzur dəhlizinin açılmasından gedir”.
Manvelyan deyib ki, Qərb bundan əlavə Rusiya bazasının Ermənistandan getməsini də istəyir:
“Onlar açıq şəkildə deyirlər ki, Ermənistan təhlükəsizliyinin təminatını Türkiyə və Azərbaycanla həyata keçirməlidir. Bu halda ölkəni nə gözləyir? Böyük ehtimalla Ermənistanın dövlət kimi ləğvi prosesi başlayır”.
Armen Manvelyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “tərəflər sülh üçün çətin kompromislərə getməlidir” açıqlaması Ermənistanda ciddi müzakirəyə səbəb olub:
“Çünki onlar hesab edirlər ki, Azərbaycanın indiki halda heç bir güzəştə getmək niyyəti yoxdur. Əslində Azərbaycanın güzəşt edəcəyi bir şey də mövcud deyil. Rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq bütün sülh şərtlərini Ermənistana təklif edib. Burada Azərbaycanın əsas istəklərindən biri kommunikasiyanın açıqlamasında Naxçıvana maneəsiz keçidin verilməsidir. Ən ədalətli yanaşma da budur. Əks təqdirdə sülh sazişi imzalanmasa və yaxud vaxtı uzanarsa, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Yəni indiki halda sülh sazişinin bağlanması Ermənistanın mövcudluğu baxımdan vacibdir. Əgər Ermənistan dalan ölkə olmaqdan çıxmasa, gələcək prespektivdə daha çətin vəziyyətə düşə bilər. Çünki coğrafi baxımdan baxdıqda Ermənistan Avropaya Türkiyə üzərindən çıxmağa məcburdur. Ona görə ki, Rusiya və İranla əvvəlki münasibətləri qalmayıb. Xüsusilə Ermənistanın regiona əlavə qüvvələr gətirməsindən və İran-Azərbaycan əlaqələrində normallaşma prosesindən sonra rəsmi İrəvanda Tehran rejiminə qarşı olan böyük ümidlər azalıb. Buna görə də Ermənistan mövcudluğunu davam etdirmək üçün Qərb bazarına Türkiyə üzərindən çıxış əldə etməlidir. Bunun üçün isə Azərbaycanın irəli sürdüyü şərtləri qəbullanmalıdır. Azərbaycanın Ermənistana hücüm etməməsi fikirləri isə kampaniya xarakterlidir. Bu açıqlamaların arxasında Ermənistan dövlətinin maraqlarının olması istisna deyil. Bu yolla müəyyən dəstək qazanmaq istəyirlər. Ermənistanın 44 günlük müharibədən sonra apardığı kompaniyası guya Azərbaycanın onlara hücum etməsi üzərində idi. Qarşıdakı dövrdə bu kimi tezislər daha çox gündəmə gələcək ".