Oktyabr ayında Azərbaycanın avtomobil bazarında yenidən qiymət artımı qeydə alınıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) İqtisadiyyat.az-a bildirilib ki, elektriklə işləyən və hibrid avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır.
Xüsusən Çindən idxal edilən elektrik avtomobillərinin qiymətində artım müşahidə olunub. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır. Həmin avtomobillərin qiyməti 5.8 faiz yüksəlib.
Eyni zamanda, Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti 2.3 faiz yüksəlib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə “Sherg.az"a açıqlamasında avtomobil bazarında vəziyyətin fərqli olduğunu iddia edib:
"Əksinə olaraq avtomobil bazarında qiymətin yüksəlməsinə rast gəlinmir. Yəni, qiymətlər stabildir. Hətta, yeni avtomobilin satışı ilə məşğul olan rəsmi distrubutorlarda qiymətlər ötən illə nisbətdə azaldılıb. Qeyd edim ki, ilin sonunda avtomobilin satışında endirimlər olunur. Onsuz da Azərbaycanın avtomobil bazarında fəallıq zəifdir. Lakin avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. Yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması isə bazarın formalaşmasında əsas rol oynayır. Ölkəyə hər il minlərlə avtomobil idxal edilir. Onlar arasında həm yeni, həm də ikinci əl maşınlar üstünlük təşkil edir. Xüsusən də Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər tələbat böyükdür".