20 Yanvar faciəsinin Azərbaycan xalqının milli kimliyinin formalaşmasındakı əhəmiyyəti

20 Yanvar hadisəsi Azərbaycan tarixində təkcə faciəvi bir səhifə deyil, xalqımızın özünü dərk etmə mərhələsinin ən bariz nümunəsidir. Bu hadisənin Azərbaycan milli kimliyinin formalaşması baxımından öyrənilməsi zəruridir, vacibdir.

Sosioloji və siyasi nəzəriyyələrə görə millət anlayışı yalnız ümumi dil , ümumi ərazi və ümumi iqtisadi mübadilələrlə deyildir. Müasir dünyada millət anlayışı, kollektiv yaddaş, kollektiv ağrı və kollektiv müqavimət, üzərindən təşəkkül tapmaqdadır.

20 Yanvar faciəsi sadaladığımız bu üç tərkib hissəni Azərbaycan xalqının şüurunda birləşdirən kədərli bir hadisə olmuşdur.

Şərq sosioloji düşüncəsində bu proses “Əttəkviynu əttarixi lilümmə” yəni “millətin formalaşması tarixi” kimi izah olunur. Bu formalaşma çox vaxt xarici zorakılıq qarşısında yaranan kollektiv müqavimət nəticəsində baş verir. 

Yalnız Şərq elmində deyil, Qərb elminə də böyük təsir göstərmiş dahi filosof, sosioloq İbn Xəldunun insan cəmiyyətinin qanunauyğunluqları ilə bağlı yazdığı əsərlər bu gün də elm sahəsində aktualdır.

İbn Xəldun “Müqəddimə” əsərində yazırdı: “Əzzulmu muəzzinun bixərab əlumran” yəni “Zülm cəmiyyətin dağılacağının xəbərçisidir.”

Sovet ordusunun dinc əhaliyə qarşı tətbiq etdiyi zorakılıq imperiya sisteminin mənəvi iflasını açıq şəkildə nümayiş etdirmişdir.

20 Yanvar hadisələri Azərbaycan xalqının mənəviyyatında şəhidlik anlayışını da yeni məna ilə zənginləşdirmişdir.

Ərəb dilində “şəhid” sözü “ş ə h i d ə”-yəni görmək felindən yaranmışdır. Dilimizdə işlənən “ş ə h i d” kəlməsi- “müşahidə edən” “şahidlik edən ”, “həqiqətə şahidlik edən” mənanı daşıyır. Bu anlamda şəhidlər, uğrunda şəhid olduqları vətəni, milləti və doğmalarını görmək, onlara baxmaq mənəvi üstünlüyünə malikdirlər. Şəhidlər həmişə yaşardırlar! 

Qurani-Kərimin 3-cü surəsinin 169-cu ayəsində şəhidlər bardə deyilir: 

Allah yolunda şəhid olanları, ölü zənn etməyin, həqiqətdə onlar diridirlər.

Azərbaycanın əsil şairi,Məhəmməd Fizuli isə “Hədiqətüs-süəda” əsərində qəhrəmanlığı və fədakarlığı şəhidlik kimi tərənnüm edərək deyir:

Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

Bu mənada 20 Yanvar şəhidləri xalqımızın mücadiləsinə əbədiyyətə qədər şahidlik edən dirilərdir! 

20 yanvar şəhidləri Azərbaycan xalqının milli şüurunda ciddi dəyişikliklər yaratmışdır. Bu hadisədən sonra qorxu yerini müqavimət, loyallıq yerini etiraz, sovet vətəndaşlığı anlayışı isə Azərbaycanlı milli kimliyinə dəyişmişdir. 20 yanvar hadisəsi milli kimliyimizin formalaşmasına böyük təsir göstərmişdir. Dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi olmuş, Azərbaycan xalqı öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüşdür.

Əgər 1918-ci ilin 31 Mart soyqırımı şəhidləri xalqımızın milli kimliyinin formalaşmasında, özünü xalq kimi dərk etməsində və milli dövlətçilik ideyasının təşəkkülündə həlledici rol oynamışdırsa, 1990-cı ilin 20 Yanvar şəhidləri eyni dəyərlərin yenidən dirçəlişinə, milli ruhun oyanışına və Azərbaycan xalqının millət və dövlət kimi varlığının təcəssümünə şahidlik etmişdir. Bu faciələr bizə və gələcək nəsillərə müstəqilliyimizin hansı bədəllər qarşılığında qazanıldığını əbədi olaraq xatırladacaqdır.

20 Yanvar faciəsi və 31 Mart soyqırımı xalqımıza qarşı yönəlmiş məqsədyönlü siyasi cinayətlər olmuşdur. Bu hadisələrə ilk siyasi-hüquqi qiymət məhz Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir.

Heydər Əliyev 20 yanvar hadisələri zamanı siyasi təzyiqlərə baxmayaraq, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəni şiddətlə pisləmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin martın 29-da, 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Milli Məclisin qərarı ilə 20 Yanvar faciəsi, Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz, Konstitusiyaya və beynəlxalq hüquqa zidd cinayət aktı kimi tanınmışdır.

O cümlədən Ulu Öndər Heydər Əliyev tərəfindən 31 Mart soyqırımı hadisələrinə ilk hüquqi-siyasi qiymət verilmiş, 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. 

Bu kədərli tarixlər bizm üçün təkcə anım günləri deyil, eyni zamanda milli kimliyimizn yenidən dirilişidir. 

Şərq sosioloji fəlsəfəsində deyildiyi kimi: “Əluməmu tulədu min rəhmil muaanat” - yəni “Millətlər əzabın bətnindən doğulur.”

Beləliklə deyə bilərik ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yenidən dirilişini bir daha dünyaya təqdim etmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri, şərqşünas Seyid Abdulla oğlu Cabbarov