Zonguldakın Alaplı rayonunda ictimai avtobus sürücüsü Ramazan Çimen avtobusda tək qalan 2 yaşlı uşağı fərq edərək onu ailəsinə təhvil verib.
Sherg.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Kdz. Ereğli istiqamətindən Alaplıya gələn avtobusun sürücüsü Ramazan Çimen dayanacağa çatdıqdan sonra çörək almaq üçün nəqliyyat vasitəsindən düşüb. Bu zaman qapısı açıq qalan avtobusa 2 yaşlı qız uşağının sürünərək, heç kimin diqqətini çəkmədən mindiyi məlum olub.
Avtobusun təhlükəsizlik kameralarından görünür ki, uşağın ailəsi dayanacağın qarşısındakı telefon mağazasına getdiyi vaxt azyaşlı açıq qapıdan sürünərək avtobusa daxil olub.
Qısa müddət sonra geri qayıdan sürücü avtobusu işə salaraq hərəkətə başlayıb. Təxminən 500 metr irəlidə işıqforda dayanarkən arxa hissədən gələn ağlama səsini eşidib və dərhal avtobusu saxlayıb.
Nəqliyyat vasitəsini yoxlayan sürücü arxa oturacaqda tək halda ağlayan körpəni görəndə böyük təəccüb yaşayıb.
Uşağın qorxmaması üçün onu yanına alan Çimen dərhal vəziyyət barədə dispetçerə məlumat verib. Alaplı Qaraj İdarəsi tərəfindən polisə xəbər verilib. Qısa müddət sonra hüquq-mühafizə orqanları uşağın axtarıldığını və ailəsinin itkin müraciəti etdiyini müəyyən edib.
Polisin apardığı araşdırma nəticəsində azyaşlı qısa müddətdə ailəsinə təhvil verilib.
Hadisə ilə bağlı danışan sürücü bildirib ki, uşağı onun ağlama səsi sayəsində fərq edib:
“Şükür ki, uşaq ağladı. Ağlamasaydı, səhərə qədər avtobusda qala bilərdi. Hər kəs övladına diqqətli olsun. Mən sadəcə vətəndaşlıq borcumu yerinə yetirdim”.
Zonguldakda baş verən bu hadisə 1994-cü ildə çəkilmiş məşhur “Baby's Day Out” (“Bebek firarda”) filmini xatırladıb.