Çünki Avropa bu müharibəyə öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır
Avropa İttifaqı liderləri Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlara hazırlaşırlar. Bunu Avropa Şurasının prezidenti Antonio Koşta Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.
Koşta Putinlə Aİ danışıqları üçün "potensial" gördüyünü söyləyib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu cür danışıqların aparılması ideyasını dəstəkləyir.
Siysi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Avropa İttifaqı ilə Rusiya danışıqlarının müsbət nəticə vermə ehtimalını şərh edib.
Onun sözlərinə görə, ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır:
“ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp – V. Putin sövdələşməsi baş tutmadı.
Ukrayna hazırda hərbi baxımdan mövqeyini kifayət qədər möhkəmləndirir. ABŞ-ı danışıqlar prosesindən kənarlaşdırmaq üçün yeni mexanizmlər üzərində işlənilir. Demək olar ki, bu müharibədə əsas söz sahibi təkcə ABŞ deyil, məhz Böyük Britaniya və Avropa İttifaqıdır.
Vladimir Putin proseslərə məntiqli və praqmatik yanaşarsa, Avropa İttifaqı ilə danışıqlar masasına oturmalıdır. Çünki Avropa bu müharibəyə öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır. Təbii ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri iki il əvvəlki dövrlə müqayisədə daha da güclənib və Rusiyaya təzyiq etmək imkanlarına malikdirlər. Hazırda Kiyev əsasən Vaşinqtonla deyil, Brüssel və Londonla məsləhətləşmələr aparır”.
Siyasi ekspert qeyd edib ki, Rusiya və Avropa İttifaqı arasında danışıqlar baş tutarsa, münaqişənin həllində yeni müsbət imkanlar yarana bilər.