"Hər adam evində saxladığı canlını küçəyə ötürsə, əlbəttə, onlar nizamsız şəkildə artıb çoxalacaq və təhlükənin miqyası artacaq"
Sahibsiz itlər problem Milli Məclisdə də qabardılıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Qüdrət Həsənquliyev bildirib ki, elə ölkələr var təhlükəsizlik baxımından bəzi küçələrə axşam saatlarında polislər belə daxil olmaqdan çəkinir. Bizdə hər şey yüksək səviyyədə təmin olunub, bunu qiymətləndirmək lazımdır. Lakin bizdə də insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər. Deputat dəniz kənarında sahibsiz itlərin dolaşdığını və bunun əhalinin narahatlığına səbəb olduğunu, real təhlükə yaratdığını deyib:"Dostum söyləyir ki, itini Buzovnada dəniz kənarında gəzdirməyə çıxarır. Deyir ki, çox bahalı ev itləri dənizin kənarında sürü halında gəzirlər. Bilirsiz ki, yaşayış xərcləri artır. Xüsusilə yaşlı insanlar həmin itləri saxlaya bilmirlər və gətirib dənizin kənarına buraxırlar”. Deputat problemin aradan qalxması üçün bir neçə bölgədə küçə heyvanları üçün sığınacaqların tikilməsini təklif edib: “Həmin heyvanlar tutulub orada saxlanılmalı, onlara qayğı göstərilməlidir".
Qeyd etməliyik ki, sahibsiz itlər, həmçinin də küçələrimizdə gündən-günə artan pişiklər artıq sosioloji problemə çevrilib. İt dişləmələri, quduzluq, hətta ölüm halları, anti-sanitariya öz yerində, bunlarla yanaşı həm də canlıların ac, susuz qalması, soyuq havalarda donaraq tələf olmaları, kütləvi populyasiya təhlükənin miqyasını bir qədər də artırır. Təbiətin bir parçası olan canlılara qayğı göstərmək sivil cəmiyyətlərdə normal sayılır. Amma təbii ki hər cür lazımi tədbirlərin görülməsiylə birlikdə. Bura sığınacaqlar, heyvanların yemlənməsi, quduzluğa, digər yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsi, baytar nəzarətinin təşkili və qısırlaşdırma da daxildir. Bizdə isə bu məsələlər hələ də həllini tapmayıb. İt və ya pişiklərə əvvəlcə sahiblənib, bir müddət sonra küçəyə buraxılması da bir ayrı problemdir. Baxmayaraq ki sahibsiz heyvanların saxlanması, bəslənməsi, zərurət yarandıqda küçələrdən toplanması və sair bir sıra qaydalarla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı vardır, qaydalara demək olar əməl edilmir. 
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a açıqlamasında prolemdən çıxış yolunu göstərdi:
- Sahibsiz itlər mövzusu, əslində, kifayət qədər çətin mövzudur, çünki burada klassik “doğru–yanlış” bölgüsü işləmir. Unudulmamalıdır ki bu məsələ təkcə heyvan hüquqları yox, həm də ekoloji tarazlıq və sosial seçim problemidir. Şəhər mühiti də bir növ ekosistemdir və buradan bir elementi zorla çıxaranda, onun yerini başqa bir element tutur. Bu yeni element isə bəzən özü ilə yeni problemlər gətirir. Hər sistemin daxili balansı var və onu kor-koranə pozmaq uzunmüddətli spektrdə həll gətirmir. İt və pişiklərin kütləvi şəkildə yığışdırıldığı şəhərlərdə siçan və sıçovul probleminin artması təsadüfi deyil, bu, qida zəncirinin pozulmasının nəticəsidir.
Burada əsas məsələ cəmiyyətin "təhlükə" anlayışını necə dəyərləndirməsidir. İnsanlar riskləri obyektiv bucaqdan daha çox subyektiv qorxular üzərindən qiymətləndirirlər. Kimin üçünsə küçədə it təhlükəlidir, kimin üçünsə sıçovul. Kiminə görə təhlükəsizlik itlərin yoxluğudur, bir başqasına görə isə sanitariya və sağlamlıq risklərinin artması daha risklidir. Yəni burada toqquşan məqam insanların "risk" anlayışlarıdır. Bu dilemmanı nəzərdən qaçıranda, hərə öz "risk" anlayışını əsas risk kimi qiymətləndirir və ona uyğun "həll"lər təklif edir. Ona görə də bu mövzuda radikal qərarlardan çox, elmi əsaslı, mərhələli və balanslı yanaşma lazımdır. Əks halda bir problemi həll edib, daha mürəkkəbini yarada bilərik. 
Y.Nəbiyev qeyd etdi ki, sahibsiz itlər və pişiklərlə bağlı dünya təcrübəsindən istifadə olunmalıdır:
- Bu kontekstdə sığınacaqların yaradılması, peyvəndləmə və sterilizasiya tədbirləri riski real olaraq azaldan, daha rasional yanaşma kimi görünür. Bunlar həm ictimai təhlükəsizliyi artırır, həm də şəhər ekosistemini birdən-birə dağıtmır. Amma burada da romantik heyvansevərlik və heyvan haqqları müzakirələrindən adətən kənarında qalan ciddi bir məsələ var - iqtisadi yük! Bu tip tədbirlər davamlı maliyyə, kadr və sistemli nəzarət tələb edir. Yəni məsələ “sığınacaq tikək”, tələbi ilə bitmir. Burada da gəlib “dövlət bu xərci uzunmüddətli olaraq çəkməyə həqiqətən maraqlıdırmı?” sualına dirənirik. Sosial siyasətdə isə məlumdur ki, maraq olmayan yerdə davamlılıq da olmur. Ona görə düşünürəm ki, bu məsələnin həqiqi mənada həlli hələ zaman alacaq.
Sosioloq bildirdi ki, qonşu Gürcüstan təcrübəsindən də bəhrələnmk olar:
-Gürcüstanda sərt qaydalar və cərimələrin tətbiqinə başlanılır. İt və ya pişikləri, yaxud hansısa digər canlıları əvvəlcə sahiblənib, sonra nəzarətsiz halda küçəyə buraxmaq, onlardan imtina etməyə görə cərimələr tətbiq ediləcək. Heyvanları küçəyə, təbiətə necə gəldi buraxmaq olmaz. Bu heyvanlar sığınacaqlara təhvil verilməli və onlara lazımi tədbirlər görülməlidir. Hər adam evində saxladığı canlını küçəyə ötürsə, əlbəttə, onlar nizamsız şəkildə artıb çoxalacaq və təhlükənin miqyası artacaq. Bu, həm də sosial məsuliyətdir. Vətəndaşlar məsuliyyətli olmağı öyrənməlidirlər.