Zelenski: Rusiya Çernobıl yaxınlığındakı nüvə obyektini vurub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı xüsusi zonaya növbəti dəfə hücum etdiyini bildirib.

Teleqraf-ın məlumatına görə, o, bu barədə sosial şəbəkələrdə yazıb.

Zelenskinin sözlərinə görə, Rusiyaya məxsus “Şahed” tipli pilotsuz uçuş aparatı Çernobıldakı İstifadə Olunmuş Nüvə Yanacağının Mərkəzləşdirilmiş Saxlanma Kompleksinin binalarından birinə zərbə endirib.

Prezident qeyd edib ki, hücuma məruz qalan obyekt kritik əhəmiyyətli infrastruktur hesab olunur. O vurğulayıb ki, Rusiya məqsədli şəkildə məhz nüvə infrastrukturu obyektini hədəfə alıb.

Zelenskinin sözlərinə görə, hazırda radiasiya fonunda normadan artıq artım qeydə alınmayıb. Hücum nəticəsində baş vermiş yanğın isə ukraynalı xilasedicilər tərəfindən söndürülüb.

Ukrayna lideri bildirib ki, Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi və aidiyyəti qurumlar hadisə ilə bağlı beynəlxalq tərəfdaşları məlumatlandırır.

Prezident həmçinin qeyd edib ki, ötən gecə Rusiya Ukraynanın 13 vilayətində yerləşən digər mülki obyektlərə də zərbələr endirib.

Zelenskinin sözlərinə görə, son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 88 raket, 3250-dən çox zərbə PUA-sı və təxminən 1800 idarəolunan aviasiya bombası tətbiq edib.

Ukrayna Prezidenti beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb və ölkəsinə dəstək göstərən tərəfdaşlara təşəkkür edib.