"Ölkədə qorxu mühiti yaratmağa çalışan hakimiyyətin özü qorxu içindədir"
Ermənistanın ikinci prezidenti və “Ermənistan” blokunun lideri Robert Köçəryan baş nazir Nikol Paşinyanı 44 günlük müharibədə həlak olan minlərlə insanın məsuliyyətindən yayınmağa çalışmaqda ittiham edib.
Sherg.az xəbər verir ki, parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlama verən Köçəryan bildirib ki, Paşinyan davamlı olaraq 2008-ci il 1 mart hadisələrinə qayıdaraq müharibənin nəticələri ilə bağlı məsuliyyəti kölgədə saxlamağa çalışır.
Köçəryan həmçinin ona qarşı mümkün cinayət təqibindən çəkinmədiyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə qorxu mühiti yaratmağa çalışan hakimiyyətin özü qorxu içindədir və vətəndaşları daha çox dövlətin təhlükəsizliyi məsələləri narahat edir.
Qeyd edək ki, “1 mart işi” 2008-ci il prezident seçkilərindən sonra baş verən etiraz aksiyaları və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla bağlıdır. Həmin hadisələr zamanı 10 nəfər həlak olmuşdu.