“Əgər söhbət ancaq Fransadan getsəydi, Ermənistan baş naziri özündə bu qədər cəsarət taparaq sözügedən görüşdən imtina etməzdi”
Böyük Britaniya Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı təkliflə çıxış etmişdi. Ancaq Ermənistan tərəfi görüşdən imtina edib. Ekspertlərin fikrincə, Ermənistanın bu görüşdən imtina etməsi İrəvanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürüdür. Ermənistanın sülhdən danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil. Rəsmi Bakının Paşinyanın imtinasını sülh gündəmindən qaçmaq kimi qiymətləndirməsindən sonra İrəvan əl-ayağa düşsə və birbaşa-ikitərəfli danışıqlara sadiq olduğunu elan etsə də, erməni politoloqlar Nikolun imtinasının səbəbini izah etməyə çalışırlar. Erməni politoloq Stepan Danielyan maraqlı bir iddia səsləndirib. O deyib ki, Londonun əsas diqqət etdiyi məqam Orta Dəhlizdir: “Təbii ki, detalları bilmirik, amma məntiqi anlamağa çalışaq. Görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi. Böyük Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində öz suveren nəzarətindən əl çəkməlidir. Azərbaycanın da bununla bağlı tələbi var. Ehtimal etmək olar ki, Ermənistan nümayəndə heyəti bu gündəliyi rədd edərək fərqli gündəmlə görüş təklif edib, Azərbaycan isə gündəmi dəyişməkdən imtina edib”. Rusiyalı politoloq Dmitri Solonnikov da deyib ki, erməni tərəfinin Londonda Azərbaycanla danışıqlardan imtina etməsi özünü baha qiymətə satmaq oyunudur: “Ötən ilin sonunda Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində Paşinyan, Avropa Şurasının rəhbəri və Fransa Prezidentinin iştirakı ilə keçirilən görüşdə iştirakdan imtina edən Azərbaycan Prezidentinin sərt mövqeyini çox yaxşı xatırlayırıq. Onda Əliyev sadəcə olaraq zirvəyə getmədi. Ermənistanın görüşü ləğv etməklə, xüsusən də Azərbaycan və Ermənistan liderlərinin görüşünü açmalı olan Böyük Britaniyanın yeni baş nazirinin kuratorluğundan imtina etməklə nəyi sübut etmək istədiyini söyləmək çətindir”. Ekspertin fikrincə, bu, Qərbin növbəti oyunudur: “Dəfələrlə qeyd etdiyim kimi, Paşinyan Cənubi Qafqazda Qərb oyununda sadəcə bir peşkadır. Ona nə deyirlərsə, o da edir. Başqa bir şey mümkün deyil. Paşinyanın Britaniya səfəri ilə bağlı kadrlardan indiyə qədər onun arvadı ilə birlikdə London ətrafında gəzintilərini görmüşük. Amma Azərbaycan manipulyasiya ediləcək rəqib deyil”.
Millət vəkili Sahib Aliyev bildirib ki, Paşinyanın bu görüşdən imtinasının arxasında Amerika Birləşmiş Ştatlarının diktəsi durur. Deputatın sözlərinə görə, əgər söhbət ancaq Fransadan getsəydi, Ermənistan baş naziri özündə bu qədər cəsarət taparaq sözügedən görüşdən imtina etməzdi:
"Burada ABŞ Dövlət Departamentinin yüksək vəzifəli təmsilçilərinin hansı intensivliklə İrəvanda peyda olmalarını da xatırlatmaq lazım gəlir. Son bir ayda dövlət katibinin üç müavini Ermənistana təşrif gətirdilər. Xeyir ola? Bu kiçik ölkəni Bayden Administrasiyası üçün önəmli edən nədir ki, dövlət katibinin müavinlərinin biri oranı tərk edər-etməz digəri özünü yetirir?! Sonuncu gələn təmsilçi Uzra Zeyanın açqlamalarından da göründüyü kimi, bu intensivlik heç də regiona davamlı sülh gətrimək üçün deyil. Paşinyanın Böyük Britaniya baş nazirinin təşkil etdiyi görüşə qatılmaq istəməməsindən də bu, açıq-aydın görünür. Eyni zamanda o da aşkar görünür ki, “kollektiv qərb”dəkilərin bizim regiona yanaşmada tutduqları mövqe heç də tam üst-üstə düşmür. Burada “kollektiv”lik ABŞ və Fransaın arzuladığı qədər yüksək deyil. Məsələn, Böyük Britaniya, İtaliya və bir sıra hallarda isə Almaniya Cənubi Qafqazda sinxron hərəkət etmirlər".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da deyib ki, Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtinası sülh gündəliyindən geri çəkilmək deməkdir. Ekspertin fikrincə, buna bir neçə səbəb var: "Məqsəd sülh müqaviləsinin imzalanmasını gecikdirməkdir. Bayden-Tramp arasında debatdan sonra respublikaçıların hakimiyyətə gəlmə şansının artması, eyni zamanda Ukraynada vəziyyətin Paşinyanın istədiyi kimi olmaması onun iqtidarının Azərbaycanla danışıqlarda birmüddətlik pauza götürməsi ilə nəticələnməkdədir. Paşinyanın Qərbə tərəf 2024-cü ilin yanvar-iyun aylarında iri addımlarla addımlamasına baxmayaraq, o, hazırda Kremllə daha ehtiyatlı davranmağa başlayıb. Sülh müqaviləsinin imzalanmasından əvvəl paraflanmış versiyanın qəbulu, daha sonra konstitusiya dəyişikliyindən sonra yekun mətnin imzalanması çıxış yollarından biri sayılırdı. Liderlər arasında görüş paraflanmış variantın yaxın vaxtlarda qəbul edilməsini sürətləndirə bilərdi. Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən qorxaraq növbəti dəfə danışıqlarda adekvat olmadığını və etibarsız olduğunu sübut etdi. Beynəlxalq ictimaiyyət Londonda görüşdən imtinaya adekvat qiymət verməyi bacarmalıdır. Bu, danışıqlar prosesinə zərbədir".