Pandemiya dövranı dəyişdi

Ayti mütəxəssislərinə, kuryerlərə, çatdırılma xidmətlərinə tələbat artacaq

"Mehmanxanalarda, turizmdə çalışanlara tələbat günü-gündən azalacaq. Hətta əyləncə sahəsi də əvvəlki kimi olmayacaq"

Bəşəriyyət xeyli müharibə, epidemiya, fəlakət görüb və bunları atladıb. Hər bir epidemiya başlayanda insanlıq bunun əlində aciz qalıb, kütləvi qurbanlar verib, daha sonra isə həmin epidemiyanın müalicəsi çox-çox asanlaşıb. Lakin bu epidemiyalar baş verdiyi vaxtda nəinki sağlamlıq və yaşamaq probleminə çevrilib, həmçinin, bütün institutlaşmış sistemlərə öz təsirini göstərib. Koronavirus pandemiyası da tarixi epidemiyalar kimi bəşər övladının yaşam tərzini tamamilə dəyişdi desə yanılmarıq.

Bütün ölkələrdə fövqəladə vəziyyət elan olundu və bu hələ də davam edir, karantin, xüsusi karantin rejimi tətbiq edildi, xeyli hüquqlar məhdudlaşdırıldı. Sərbəst toplaşma, yaşayış yeri seçmə, eyni zamanda iş, əmək, təhsil, hərəkət, daşıma və s. kimi konstitusion hüquqların məhdudlaşdırılması adamlarda etiraz yaratmadı. Çünki bu, pandemiya ilə bağlı vətəndaşların həyatı və təhlükəsizliyinin təmin edilməsinə görə tətbiq olunan məhdudiyyət idi. Və bütün bu yaşananlar insanın dünyaya baxışını tamamilə dəyişdi. Habelə, koronavirus pandemiyası bir çox gerçəkləri, mövcud münasibətlərdəki qüsurları ortaya çıxardı. Və postpandemiya dövründə yeni münasibətlər sisteminin yaranması üçün düşünməyə əsas verdi. Bütün dünya dövlətlərinin iqtisadiyyatı hazırda tamamilə çökmüş durumdadır.

Hazırda bəşər övladlarını düşündürən bir çox suallar var. Onlardan biri də postpandemiya dövründə hansı peşə sahiblərinə maraq artacaq, hansılarına isə artıq ehtiyac olmayacaq? 

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Əkrəm Həsənov vurğulayıb ki, karantin dövründə insanların əyani təması qeyri-mümkün olduğu üçün onların kütləvi şəkildə rəqəmsal dünyaya keçidi baş tutdu. Onun sözlərinə görə, pandemiyanın qoyduğu izlər illərlə davam edəcək:

"Karantin rejiminin tətbiq edilməsi, insanların evdə oturması onların internetdən və sosial şəbəkələrdən istifadəsini çoxaltdı. Bu səbəbdən də, düşünürəm ki, yaxın zamanlarda ayti mütəxəssislərinə daha çox tələbat yaranacaq. Doğrudur, onlara hər zaman tələbat olub, amma getdikcə hər sahədə bu mütəxəssislərə tələbat güclənəcək. Artıq sentyabrın 15-də yeni tədris ilinə start veriləcək. Təhsil sistemində belə distant təhsilin tətbiqi bu sahədə peşəkarların yetişdirilməsini labüd edir. Ona görə də gənclərimizə tövsiyəm odur ki, hansı sahədə ixtisas seçmələrindən asılı olmayaraq ayti sahəsinin öyrənilməsinə xüsusilə diqqət yetirsinlər. Çünki bu artıq bütün sahələrdə aktuallaşacaq. Bu sahəni bilmək vacibdir. Həmçinin kuryer, çatdırılma xidmətlərinə də ehtiyac artacaq. Bunun da başlıca səbəbi insanlar arasında birbaşa təmasın azalması ilə əlaqədardır". 

Ekspert hesab edir ki, hər zaman canlanma müşahidə olunan və əsas iqtisadi gəlir yeri hesab olunan turizm sektorunda işçilərə tələbat azalacaq:

"Yalnız Azərbaycanda deyil, bütün ölkələrdə turizm sahəsində canlı qüvvəyə tələbatın azalması gözlənilir. Çünki turizm hazırda əvvəlki səviyyədə deyil və belə vəziyyət böyük ehtimalla azı 10 il davam edəcək. Bu məsələ yalnız pandemiya ilə bağlı deyil. Bir reallıqdır ki, dünyada bu gün əhalinin gəlirləri sürətlə düşməkdədir. Təbii ki, gəliri az olan insanlar da turizm, xarici səfərlər barədə düşünmür. Bu baxımdan da mehmanxanalarda, turizmdə çalışanlara tələbat günü-gündən azalacaq.

Hətta əyləncə sahəsi də əvvəlki kimi olmayacaq. İctimai iaşə sahələrinə gəlincə, düzdür kafe və restoranlar açıldı. Amma gördüyümüz kimi, gəlirlər əvvəlki kimi deyil. Toyların təşkil edilməməsi, restoran sahiblərini müflis vəziyyətində qoyub. İndi sahibkarlar fikirləşirlər ki, karantin qurtarandan sonra onlar öz fəaliyyətini bərpa edəcək. Təbii ki, əvvəl-axır heç bir məhdudiyyət olmayacaq. Amma insanlar həm maddi, həm də sağlamlıq baxımından daha çox evdə qidalanmağa üstünlük verəcək. Necə ki, 20 il bundan qabaqda bizdə vəziyyət bu cür olub". 

Ə.Həsənov əlavə edib ki, daşınmaz əmlak sahəsində uzunmüddətli qiymət enməsi gözlənilir: "Tikinti sektorunda da  işçilərə ehtiyac tamamilə azalacaq. Çünki daşınmaz əmlak bazarı tüğyan içindədir. Bəziləri fikirləşir ki, pandemiya qurtaracaq, yenidən qiymət artımı olacaq. Xeyr, bu qiymət düşməsi uzunmüddətlidir. Çünki daşınmaz əmlak bazarına insanların marağı getdikcə azalmaqdadır. Bu səbəbdən də tikinti şirkətlərinin bina tikməsi dayanacaq. Düzdür, bəziləri indi öz fəaliyyətlərinə davam edirlər, çünki onlar tikintiyə icazəni əvvəldən alıblar, buna görə də xeyli xərc çəkiblər. Tikinti sektorunun zəifləməsi minlərlə insanın işsiz qalmasına səbəb olacaq".

İqtisadçı-ekspert kənd təsərrüfatı sahəsinə marağın artacağını bildirib:

"İnsanlar daha çox özlərinin qidalanmağını təmin etməyə çalışır. Buna görə də sahədə kəskin canlanma gözləyirəm. İstehlak məhsulları satılan mağazalarda isə biznes yaxşı görünmür. Bunlar arasında xüsusilə, texnika, mebel, qızıl kimi əşyalardır. İnsanlar onları almaqdan bir müddət çəkinəcəklər və nəticədə bu peşə sahəsində çalışanlara tələbat çox aşağı düşəcək".