“Ortaq media platformasının yaradılması şərtə çevrilir” – Təşəbbüs alqışlandı !

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşüb. O, görüşdə  bildirib ki, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır:


“Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək”.

H.Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.

Bir sözlə, bu görüş Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının yaradılmasını yenidən gündəmə gətirib. 

“Sherg.az” olaraq aparılan müzakirələrlə bağlı media kapitanlarının fikirlərini öyrəndik. 



“Bizim Türkiyə mediasından öyrənməli olduqlarımız çoxdur”

“Teleqraf  Holdinq”in rəhbəri Aynur Camal bunu yüksək qiymətləndirib:

“Əlbəttə, alqışlanası məqamdır. Bizi elə dərin məqamlar bağlayır ki, ortaq media platformasının yaradılması şərtə çevrilir. Sözügedən təklif zaman-zaman gündəmə gəlsə də, işlək mexanizmə salınmayıb. Bizim bir çox sahələrdə, o cümlədən ordu, diasporla bağlı əməkdaşlığımız çox yüksək səviyyədədir. Həmin məqamlar barədə saatlarla danışmaq mümkündür. Media əməkdaşlığında isə hələ ki, uyğun bir yol yoxdur. Əgər düşmənlərimiz, informasiya müharibəsində hədəflərimiz eynidirsə, deməli, belə təşəbbüs zəruridir.

Bildiyim qədəri ilə, Azərbaycan nümayəndə heyəti hazırda Türkiyədədir. Artıq saziş imzalanıb. Çox istərdim ki, müqavilə kağız üstündə qalmasın. Çünki bizim Türkiyə mediasından öyrənməli olduqlarımız çoxdur. Məhz qardaş ölkə mediasınının təcrübəsindən yararlanmaqla ölkə mətbuatındakı problemləri həll edə, boşluqları doldura bilərik. Ən qürurverici məqam isə təklifin dövlət başçıları səviyyəsində qaldırılmasıdır. İndiyədək məsələ dəfələrlə müzakirə edilsə də, heç baxt belə olmamışdır”.



“Türkiyənin sosial media üzərindəki təcrübəsindən yararlanmalıyıq”

"APA-Holdinq”in rəhbəri Vüsalə Mahırqızı da qarşılıqlı əməkdaşlığın fayda verəcəyi qənaətindədir: 

“Bu, uzun müddətdir, müzakirə olunan məsələdir. Son 10-15 ildə hər iki ölkədə dəfələrlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Hansısa ölkə ilə, o cümlədən Türkiyə ilə birlikdə vahid media platformasının yaradılmasının mümkün olacağını düşünmürəm. Amma biz xoş bir ənənənin əsasını qoya bilərik. Xüsusilə,  nəzərə almaq lazımdır ki, Azərbaycan mediası keçmiş MDB məkananında kifayət qədər tanınır.  Həmçinin Türkiyə vasitəsilə Azərbaycan xəbərlərinin dünyaya çıxması baxımından  bu, əhəmiyyətli ola bilər.

Fikrimcə, Mətbuat Şurası ilə “Türkiyə Qəzetəcilər Birliyi” arasında əlaqələr güclənməlidir. Həmçinin əsas diqqəti özəl KİV-in partnyorluğuna ayırmaq lazımdır. Dövlət media qurumları onsuz da əməkdaşlıq edirlər. Biz Türkiyənin sosial media üzərindəki təcrübəsindən yararlanmalıyıq. Onlar sosial medianın ən müxtəlif platformalarında çox uğurlu fəaliyyət göstərirlər. Film və serial sənayəsini də unutmamalıyıq. Türklər hazırladıqları ekran əsərlərini ərəb ölkələrinə, MDB məkanına sataraq çox ciddi biznes qururlar.

Növbəti bir amil isə vahid jurnalist kadrlarının hazırlanmasıdır. Azərbaycanda belə vəsiqələri düzəltmək çox asandır. Qardaş ölkədə isə konkret işlə məşğul olan vahid qurum var. Əgər jurnalist kimi fəaliyyət göstərən şəxsdə həmin qurumun təsdiqlədiyi vəsiqə yoxdursa, deməli, onun media adamı qismində heç bir səlahiyyəti yoxdur.

Dediyim kimi, biz də vurğuladığım təcrübədən yararlanmalı və sonrakı mərhələdə isə vəsiqəsi olanlar üçün ictimai nəqliyyatda güzəştlər tətbiq etməliyik. Çünki ictimai nəqliyyatdan ən çox istifadə edənlər məhz jurnalistlərdir.

Media qurumlarına tenderlərin verilməsi məsələsi müzakirə edilməlidir. Çünki mətbuat orqanlarının maliyyə qaynaqlarından biri də məhz tenderlərdir”.