Fələstini təslimçi sülhə hazırlayırlar

Trampın hədəfi müsəlman dünyasının ortasında qalmış İsrailin təhlükəsizliyini təmin etməkdir


Üç gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin XİN rəhbərləri İsraillə əlaqələri normallaşdırmaq məqsədilə bu ölkənin baş naziri Benyamin Netanyahu ilə müqavilə imzalayıblar. İmzalama mərasimi ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilib. Razılaşmalara görə, İsrail İordan çayının qərb sahilində məskunlaşma siyasətini dayandıracaq.

Bu, Fələstin-İsrail münaqişəsinin həllinə dair ABŞ planında da nəzərdə tutulub. Razılaşma barədə danışan Tramp yaxın günlərdə Fələstinlə İsrailin barışacağını, bütün ölkələrin Təl-Əvivin tərəfini tutduğunu deyib. Ağ Ev rəhbəri Vaşinqtonun yanlış siyasətindən və fələstinlilərə münasibətindən də danışıb: “Ölkəmizin tarixində ən böyük xəta Yaxın Şərqə getmək idi.

Biz ora getdik və hər iki tərəfdən xeyli sayda insan vəfat etdi. Bu, çox qorxulu bir səhv idi”. Yaxın Şərqin illərdir “qanla dolu” olduğunu vurğulayan Tramp hazırda regionun bir çox ölkəsi ilə sülhün müzakirə edildiyini söyləyib: “Sonunda Fələstin də İsraillə barışmaq üçün gələcək. Bilirsiniz ki, fələstinlilərə ayırdığımız maliyyə yardımlarını daha əvvəl dayandırdım.

Biz onlara ildə 750 milyon dollar vəsait ayırırdıq, onlar isə bizim ölkəmiz haqqında çox pis şeylər deyirdilər. Buna görə maliyyə ayrılmasını dayandırdım. Sonra çox zəngin ölkələr Fələstinə maliyyə ayırmağa başladı, indi isə həmin ölkələr də İsraillə anlaşır”.

Məlum razılaşma və İsrail-Fələstin əlaqələri ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, ərəb ölkələrinin İsraillə əməkdaşlıq yönündə bağladıqları saziş bütövlükdə müsəlman dünyasının və fələstinlilərin müdafiəsinə ən böyük xəyanətdir. Analitik hesab edir ki, sözügedən anlaşma İsrail-Fələstin probleminin həllinə yardım etməyəcək, əksinə, münaqişəni daha da kəskinləşdirəcək:

“Razılaşmanın Fələstin məsələsi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Anlaşma ona imza atan ölkələrin geosiyasi maraqlarının və hakimiyyətlərinin uzunmüddətli olması ilə bağlıdır. Donald Trampın ərəb ölkələrini İsraillə əməkdaşlığa təhrik etməsinin əsas hədəfi müsəlman dünyasının ortasında qalmış İsrailin təhlükəsizliyini təmin etməkdir.

Əməkdaşlıq İsrailə təhdidləri aradan qaldıracaq. Digər tərəfdən Trampa prezident seçkisi öncəsi müəyyən dividendlər lazımdır. Amerika prezidenti daxildə edə bilmədiklərinin əvəzini xarici siyasətdə çıxmağa çalışır. Gələcəkdə Səudiyyə Ərəbistanı və Misir kimi ölkələr “İsraillə əməkdaşlıq” prosesinə qoşula bilər. Neftin qiymətinin aşağı düşməsi, pandemiyanın zərərləri və s. proseslər fonunda Ərəbistan və Misir kimi ölkələr ciddi narahatlıq keçirir. Hər iki ölkənin hakimiyyəti özlərini sığortalamaq üçün ABŞ-ın təzyiqinə boyun əymək məcburiyyətində qalırlar”.

N.Mirinin sözlərinə görə, Netanyahu və onun partiyası İordan çayının qərb sahilini ilhaq etməkdən vaz keçməyib:

“İsrail öz siyasi maraqlarını təmin etmək üçün müvəqqəti geri çəkilir. Ortada konkret təcrübə var. Qolan təpələri İsrailin Suriyadan işğal etdiyi ərazilərdir. Amerika qanunsuz olaraq bu əraziləri İsrailin tərkib hissəsi kimi tanıdı. Bu, presedentdir. Gələcək perspektivdə Fələstinin digər əraziləri də bu şəkildə ilhaq oluna, Tramp hakimiyyətdə qalarsa, Amerika tərəfindən tanına bilər.

Qüdsün İsrailin “paytaxtı” kimi tanınması məhz Trampın hakimiyyət dövründən baş verdi. Halbuki, indiyədək heç bir ABŞ prezidenti Qüdslə bağlı həssaslığı əldən verməmişdi. Belə qeyri-bərabər münasibət fonunda fələstinliləri təslimiyyət sülhünə razı salmaq mümkün olmayacaq. Çox güman ki, qardaş Türkiyə də ABŞ və İsrailin planlarının icrasına imkan verməyəcək”.