“Parapsixologiyanın tədrisi doğru deyil !- “Bu, elm yox, ekstrasensologiyadır” 

“Son yüz ildə parapsixologiyanın təsiri ilə bağlı heç bir sübut aşkar edilməyib”

“Parapsixologiyanı öyrədən şəxs mütləq “vergi”li olmalıdır”

“Hər tələbəyə də parapsixologiyanı öyrətmək olmaz. Bu, sadəcə qeyri-mümkündür”




Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində parapsixologiyanın tədris olunması iddia edilir. Bu barədə “Facebook” sosial şəbəkəsində foto paylaşılıb. Təqdim olunan materialda ixtisasın adı və kodu yazılıb. Yayılan məlumatı sosial şəbəkə istifadəçiləri, o cümlədən psixoloqlar birmənalı qarşılamayıblar.



 Tanınmış psixoloq Azad İsazadə məsələ barədə “Sherg.az”a danışıb. O, bunun doğru olmadığını hesab edir:

 “Düzür, universitetdə parapsixologiyanın tədrisi ilə bağlı məlumatım yoxdur. Sadəcə onu deyim ki, adıçəkilən terminin altında bir-birinə zidd məqamlar var. Və bu, sadəcə ad oxşarlığıdır. Əslində isə parapsixologiya ilə psixologiyanın heç bir əlaqəsi yoxdur.

“Parapsixologiya” dedikdə ekstasenssologiya, bioenergetika, fikirlə əşyaları hərəkət etdirmək və s. nəzərdə tutulur. Ümumiyyətlə, bu sahə elm deyil və rəsmi şəkildə təsdiqlənməyib. Deməli, tədrisi də doğru deyil”.

A.İsazadə düşünür ki, heç də hər kəs parapsixologiya ilə məşğul ola bilməz: 

“Bu istiqamət izahı olunmayan fenomenləri araşdırır. Dünyanın böyük ölkələrində, xüsusi, gizli laboratoriyalarda həmin işlə məşğul olunur. Lakin son yüz ildə parapsixologiyanın təsiri ilə bağlı heç bir sübut aşkar edilməyib.

Həm də nəzərə almaq lazımdır ki, sözügedən sahənin kökündə ayrı-ayrı insanların xüsusi qabiliyyəti, belə demək mümkünsə, “vergi”si dayanır. Ona görə də parapsixologiyanı öyrədən şəxs mütləq “vergi”li olmalıdır.

Ölkədə faktiki olaraq bu qədər kadr potensilalı yoxdur. Eyni zamanda hər tələbəyə də parapsixologiyanı öyrətmək olmaz. Bu, sadəcə qeyri-mümkündür”.