Sərt tənqid: “Korrupsiya bataqlıq, reket jurnalistlər isə ağcaqanaddırlar”

Medianın ən böyük problemlərindən biri reketçilikdir.  Belə ki, öz işini sevən, peşəkar jurnalistlər səhərdən axşamacan cəmiyyətə informasiya ötürdükləri, xəbər arxasınca qaçdıqları və bir çox hallarda həqiqəti dediklərinə görə, təziq və təqiblərə məruz qaldıqları halda, reketçilər daha asan pul qazanırlar. Özü də ömürlərini bu sahəyə həsr edənlərdən iki, üç dəfə çox.

Sadəcə saxta vəsiqə düzəldir, gurultulu adda bir “kitayski” KİV yaradır və qapı-qapı gəzərək, onu-bunu şantaj etməyə başlayırlar. Hə, ayda külli miqdarda pul qazanmaları naminə bir də vicdanlarını, şəxsiyyətlərini satırlar. Adı da olur iş.

Görünür, jurnalistika təkcə “IV hakimiyyət” “Cəmiyyətin güzgüsü”, ictimai-siyasi institut deyil, həm də şəxsin öz nəfsi ilə mübarizə meydanıdır. Ya halal qazancınla kifayətlənməli, ya da ömrün boyu haram yeməli, adına və imzana ləkə salmalısan. 


 Daha təəssüfləndirici məqam ondan ibarətdir ki, hansısa X adlı bir adamın “Sarı mətbuat” nümayəndəsi olması təkcə onun özünə yox, bütövlükdə media sisteminə kölgə salmaqdır. Deməli, reketçiliklə mübarizə də peşəkar jurnalistikanın mübarizə istiqamətlərindən biri olmalıdır. Sanki işimiz azmış kimi...



 Media hüquqşünası Ələsgər Məmmədli KİV-də reketçilik problemi barədə “Sherg.az”a danışıb: 

“Reketçilik ancaq mediada formalaşan və bəslənən proses deyil. Bu, cəmiyyətin özünə olan münasibətindən irəli gəlir. Məsələnin kökündə dayanan isə bəd əməllər, o cümlədən korrupsiyadır.

Korrupsiya, rüşvətxorluqla məşğul olanlar gerçəkləri gizlətmək üçün rüşvət verməkdən çəkinmirlər.

Beləliklə, ya özləri KİV nümayəndələrinə rüşvət təklif edir, ya da bəzi media nümayəndələri onları tapır və “şirinlik” istəyirlər. Heç birinə haqq qazandırmaq olmaz və ikisə də cinayətdir”. 

O, reketçiliyi tamamilə aradan qaldırmağın yolundan danışıb:

“Təsəvvür edin, korrupsiya bataqlıq, reket jurnalistlər isə ağcaqanaddırlar. Ağcaqanadlarla nə qədər mübarizə aparsan da, bataqlığın qoxusu problemin kökündən həllinə imkan verməyəcək. Ona görə də bataqlığı qurutmaq, yəni korrupsiyanı sıradan çıxarmaq lazımdır.

Bundan ötrü isə azad media mühiti, hər kəsin informasiya məkanına çıxış imkanı olmalı və sərbəst bazar münasibətləri inkişaf etməlidir ki, ağ qaradan seçilsin.

Daha konkret desəm, reketçiliklə mübarizə üçün peşəkar medianın köməyi ilə əvvəlcə korrupsiya aradan qalxmalıdır”.