Dünənki zəng ! - Ukraynanın yeni strategiyasında Azərbaycan... - Vəziyyət dəyişib

Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib

“Nəzərə almaq lazımdır ki, Azərbaycan həmişə, özü də bütün istiqamətlərdə Ukrayna ilə əməkdaşlığa hazırdır”


Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar. Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.

Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər. Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.

Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.



Tərəflər arasındakı telefon zəngini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə strateji əməkdaşlığın hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib: 

“Bizim münasibətlərimiz strateji xarakter daşıyır. Tərəflər arasında on il əvvəl strateji tərəfdaşlıqla bağlı sənəd imzalanıb. Sadəcə o vaxt bəzi maddələri reallaşdırmaq mümkün deyildi. Bunun əsas səbəbi isə Ukraynadakı daxili problemlər, o cümlədən tez-tez baş verən hakimiyyət dəyişikliyi idi.

Amma indi durum düzəlib. Qarşılıqlı tərəfdaşlıqda, həmçinin nəqliyyat, enerji, hərbi-texniki əməkdaşlıqda hər iki tərəf maraqlıdır. Düzdür, əvvəl olduğu kimi, indi də Ukraynada bu tərəfdaşlığın əleyhinə olan qüvvələr var.

Onlar qarşılıqlı əməkdaşlığa əngəl törədir və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər.

Lakin dünənki zəng vəziyyəti tamamilə dəyişdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan həmişə, özü də bütün istiqamətlərdə Ukrayna ilə əməkdaşlığa hazırdır”.