Erməni lobbisinin informasiya "istehkam"ları sökülür

"Artıq beynəlxalq medianın “güzgü”sündə əks edilən Azərbaycanın köklü şəkildə dəyişdiyi görünən vəziyyətdir"

Oktyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibənin artıq bir ayı tamam olub. Ötən müddətdə Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib. Cəbhədəki müharibə ilə yanaşı informasiya müharibəsində də savaşlar davam etməkdədir. Bildiyimiz kimi, xaricdə Azərbaycana qarşı anti-Azərbaycan siyasəti hələ də davam edir. Bu faktdır ki, son günlər Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşirlər. Jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb.

Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədlərinə nail ola bilmədikləri üçün hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir. Lakin Fransa Milli Assambleyasının deputatı, Xarici işlər komissiyasının üzvü Jan-Lük Reytzer “Bourse Plus” qəzetinə verdiyi müsahibəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə bu cür təqdim edib: "Mətbuatda bəzən deyilir ki, Dağlıq Qarabağda əsasən ermənilər yaşayırlar. Ancaq Dağlıq Qarabağda ermənilərin əksəriyyət təşkil etməsinin səbəbi milyonlarla azərbaycanlının bu torpaqlardan qovulmasıdır. Çoxları vəziyyəti bilmədən danışır.  Azərbaycan dünyəvi, düzgün istiqamətdə irəliləyən bir ölkədir. Fransada insanlar əsl vəziyyəti bilmirlər. Azərbaycanlılar böyük xalqdır və dini səbəblərə görə ölkədəki sabitliyi pozmaq istəyən qonşuları var. Deməli, bu bölgədə tarazlığın və sabitliyin yolunu tapmaq özü qəhrəmanlıqdır. Azərbaycan uzun illərdir ki, məhz bu bacarığını göstərir və həyata keçirir. Ermənistanla Azərbaycan arasında dini müharibə yoxdur. Doğrudan da haqlı olduğuna inanan bir xalq üçün bu, ərazi və milli suverenlik müharibəsidir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının bir neçə iclası ilə Azərbaycana haqq qazandırıbsa, deməli, bunun üçün əsaslı dəlilləri olub”.
Moldovanın “NOİ.md” informasiya portalında Ermənistanın baş naziri ilə bağlı tənqidi məqalə də dərc edilib. Digər bir məqalədə isə Paşinyanın Azərbaycan Silahlı Qüvvələrinin gücü qarşısında geri çəkildiyi, acı məğlubiyyətlər qazandığı geniş təhlil olunub. İtaliyanın “Kmetro”, “Il Tempo”, “Politicamente Corretto”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Askanews”, “Notizie Yahoo”, “Fortuneita”, “Maximitalia”, “Agenzia Stampa Italia”, “Adnkronos”, “Radioveronicaone”, “Sardegnagol”, “Notizie Geopolitiche” və sair kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlamaları əsasında 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatları barədə çoxsaylı məlumatlar dərc olunub. Bu gün, ümumilikdə, Azərbaycan Ordusunun uğurları və Qarabağ həqiqətləri barədə dünya ictimaiyyətinə bir çox materiallar təqdim edilib.

Tanınmış jurnalist Asəf Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, bu gün xarici mediada Azərbaycanın haqq savaşı bir o qədər də qaneedici səviyyədə işıqlandırılmır. O bildirib ki,  hazırda vəziyyət elə ümidsiz də deyil:

"Böyük Vətən müharibəsi adlandırdığımız mərhələ başlayan ilk günlərdə xarici medianı izləyərkən, mülki əhalinin hədəfə alınması mövzusunu işıqlandıran xarici medianın həm Gəncədəki terror hadisələrini, həm də Xankəndidə erməni mülki əhalisinin zirzəmilərdə gizlənməsini tərəziyə qoyub bərabərləşdirirdilər. Onların formalaşdırmaq istədikləri rəy bu idi ki, müharibə pisdir, hər iki tərəfdən dinc mülki əhalinin itkisinə gətirib çıxarır. Buna görə Azərbaycan tərəfi hərbi əməliyyatları dərhal dayandırmalıdır. Halbuki, burada təfərrüatların açıqlanması oxucu və izləyicidə tamam başqa bir rəy yarada bilərdi. Gəncədəki mülki əhali döyüş zonasından kənarda yerləşən şəhərdə, gecə yarısı yatan yerdə, xarici dövlətin ərazisindən onu xüsusi hədəfləyən ağır artilleriya ilə qətlə yetirilib. Bu, müharibə cinayəti idi. Digər bir misal - illərlə materiallarında Dağlıq Qarabağı başlıqlarda “mübahisəli” ərazi adlandıran qərb mediası, bölgəni Azərbaycanın suveren ərazisi kimi tanıyan beynəlxalq hüquq sənədlərinə istinaddan boyun qaçırırdı".  
Ekspert vurğulayıb ki, Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevin iyirmidən çox nüfuzlu beynəlxalq KİV-ə müsahibə verməsi öz müsbət nəticələrini göstərirdi: "İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr 99 faiz çatışmazlıqları kompensasiya etdi. Müzəffər Ali Baş Komandanın hər jurnalistə, bəzən qərəzli suallara baxmayaraq belə, obyektiv, dəqiq, hərtərəfli və əsaslı cavablar verməsi Azərbaycanın son günlər öz hüquqlarının bərpası uğrunda başladığı mübarizənin həqiqi simasını beynəlxalq auditoriyaya çatdırmağa başlayıb. Artıq beynəlxalq medianın “güzgü”sündə əks edilən Azərbaycanın köklü şəkildə dəyişdiyi görünən vəziyyətdir. Prezident İlham Əliyevin ön sırada durduğu bu informasiya müharibəsində bütün dünya azərbaycanlıları yumruq kimi birləşiblər". 

Tanınmış jurnalist Elçin Xalidbəyli də "Şərq"ə açıqlamasında bildirib ki,  xarici mediada Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ problemi ilə bağlı reallıqların işıqlandırılması o qədər də məmnunedici səviyyədə deyil:

"Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə başlatdığı antiterror əməliyyatları barədə də Qərb mətbuatında doğru-düzgün məlumatlandırma istəyini müşahidə etmirik. Çünki Qərb mətbuatı Azərbaycana qarşı qərəzli mövqe tutmaqdadır. Qərb mətbuatında məlumatlar əsasən Ermənistanın mənafeyinə uyğun verilməkdədir. Ancaq bununla belə, Qərb mətbuatında Azərbaycanın ifadə olunması hallarına da rast gəlinir. Belə ki, son vaxtlar Azərbaycan informasiya savaşında da müəyyən uğurlara nail olmağa başlayıb. Xüsusilə də Ermənistanın dinc sakinlərin yaşadığı, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket zərbəsi endirməsi istər-istəməz Qərb mətbuatının diqqətini çəkməyə başlayıb".
E.Xalidbəyli vurğulayıb ki, Qərb mətbuatında Azərbaycan həqiqətlərinin doğru-düzgün işıqlandırılmamasının əsas səbəbləri sırasında xarici ölkələrdə yaşayan erməni lobbisinin təsiri ön plandadır: "Erməni lobbisi öz təsir gücündən yararlanaraq, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına əngəl törədir. Bunun əvəzində isə ermənilərin maraqlarına uyğun yalan məlumatların yayılmasına nail olurlar. Bu baxımdan, erməni lobbisinin ən güclü olduğu ölkələr arasında yer alan ABŞ və Fransa mediasında Azərbaycana qarşı qərəzli mövqe açıq hiss edilir, erməni yalanlarının geniş yayılması daha qabarıq şəkildə nəzərə çarpır. Onu da qeyd edək ki, vəziyyətin belə olmasında bizim də müəyyən qədər səhvlərimiz var. Belə ki, indi yaranmış vəziyyət onu göstərir ki, vaxtilə Azərbaycanın xarici ölkələrdə təbliğatının qurulmasına görə məsuliyyət daşımalı olan bəzi dövlət qurumları öz vəzifələrinin öhdəsindən tam gələ bilməyiblər.

Və inanmaq istərdim ki, bundan sonra belə çatışmazlıqların aradan qaldırılmasına xüsusi önəm veriləcək. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı açılan informasiya cəbhəsinin də rəsmi Bakı tərəfindən artıq yarıldığını düşünmək üçün ciddi əsaslar var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə ön planda yer almaqdadır və birmənalı şəkildə böyük uğurlar qazanmaqdadır. Prezident İlham Əliyev hər gün bir və ya bir neçə nüfuzlu xarici ölkə telekanallarına, digər media qurumlarına geniş müsahibə və açıqlamalar verməkdədir. Və Prezident İlham Əliyevin müsahibələri, açıqlamaları erməni lobbisinin xarici ölkələrdə yaydığı erməni yalanlarının darmadağın edilməsində önəmli rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ordusunun hərbi əməliyyatları barədə dünyanın nüfuzlu media qurumlarına müsahibələri sayəsində erməni lobbisinin “informasiya istehkamları”nın da tədricən darmadağın olduğunu iddia etmək tamamilə mümkündür.

Ümumiyyətlə, gələcəkdə bu istiqamətdə Azərbaycanın daha məqsədyönlü şəkildə fəaliyyət göstərməsi lazımdır. Və əminəm ki, dövlətimiz, eləcə də əlaqədar bütün qurumlar bu sahəyə diqqəti artıracaqlar".