“Trampın prezident olması Qafqazın gələcəyi üçün də əlverişlidir” – AKTUAL 

“Hesab edirəm ki, hazırda qlobalistlər kimi Tramp seçilsə, yaxşıdır”

“Trampın seçilməsi bizim, Türkiyənin milli maraqları üçün müsbət haldır” 



ABŞ-da prezident seçkiləri ilə əlaqədar səsvermə Bakı vaxtilə saat 10:00-da başa çatıb. Alyaska ştatında son seçki məntəqələri bağlanıb. ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Arizona ştatı xaric, bütün ştatlarda səsvermədə öndədir. “Fox News”un məlumatına görə, Tramp Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin, Montana və Ayova ştatlarında rəqibi Co Baydeni üstələyir. Demokrat Bayden isə inamla Arizonada liderliyi saxlayır.

ABŞ-da seçkilər beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan siyasi hadisədir. Bəs, Azərbaycan üçün kimin seçilməsi daha əlverişlidir? Cavab əslində çox sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq, Amerika maraqları hər bir halda prioritet olacaq. Bizim üçün indiki mərhələdə demokrat prezident daha az əlverişlidir. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən açıq-aydın görürük.

Seçki prosesini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, seçkilərə təkcə Amerikada yox, dünyanın fövqəl dövlətində keçirilən seçki kimi baxmaq lazımdır: 

“Məlumdur ki, pandemiya dönəmidir. Bu dönəmin nə zaman başa çatacağı bəlli deyil. Amma bir həqiqət var ki, pandemiya dönəminin özünün də bir nizamı var. Bu nizamın özü formalaşma prosesini keçməkdədir. Bu baxımdan ABŞ-da kiminsə prezident olması çox önəmlidir. Fikrimcə, əsasən qlobalistlər çox önəmlidir . Qlobalist mövqedə dayanan isə güclü Amerika şüarı ilə yola çıxmış Trampdır.

Trampın yanaşması ondan ibarətdir ki, Amerika daxilində investisiyalar daha çox ölkədə qalsın və güclü Amerika iqtisadiyyatı qurulsun. Yəni məsələyə tam olaraq bir biznesmen qafası ilə yanaşır”.

Ə.Əlibəyli qeyd edib ki, Trampın yəhudilərə və İsrailə yönəlik siyasəti onun prezident seçilməsində önəmli rol oynayıb:

“Yəqin ki, bu dəfə də tam şəkildə yəhudi lobbisinin və yevangelistlərin, protestantların dəstəyi ilə prezident seçilməsi mümkün olacaq. Bu da ondan ibarətdir ki, Tramp ərəb dünyası ilə İsraili barışdırır və İsraili münaqişəli zonada güclü vəziyyətə çıxarır. Eyni zamanda Qüds probleminin həllində müəyyən dərəcədə ciddi addımlar atır”.

Mütəxəssis Baydenin bu seçkilərdə də məğlub olacağını düşünür:

“Demokratların məğlubiyyətinin əsas səbəbi onların seçkilər dönəmində Rusiya və Çin kimi ölkələrə qarşı yanaşmalarda yol verdikləri yanlışlıqlardır. Ona görə də mütləq bu baxışları dəyişməlidirlər. Əks halda 4 il sonra bir daha başa düşəcəklər ki, Tramp və yaxud ondan sonrakı respublikaçı namizədlər siyasətlərini dəyişməyəcək. Bu baxımdan demokratlar mövcud baxışlarını mütləq dəyişməlidirlər ki, qalib gələ bilsinlər”.

“Azərbaycan üçün kimin seçilməsi əlverişlidir?” sualına gəlincə, Ə.Əlibəyli hesab edir ki, bu məsələdə regional və lokal siyasətə baxışlar üzərindən fikir yürütmək lazımdır:

“Məlumdur ki, Trampın Türkiyəyə münasibəti çox yüksək səviyyədədir. ABŞ-ın yaxın Şərqdə formalaşan proseslərdə Türkiyənin fonunda Azərbaycana qarşı münasibəti də müsbətdir.  Xüsusilə Obama dönəmi bitib, Tramp dönəmi başladıqdan sonra Azərbaycana hərbi yardımların artırılması, indi həyata keçirdiyimiz əməliyyatlarda vətən savaşı ilə bağlı loyal münasibətin göstərilməsi, Türkiyənin yaxın Şərqdə böyümə siyasətinə müsbət şəkildə yanaşma bəllidir. Təbii ki, bunların hamısı Baydenlə müqayisədə Trampın Azərbaycan, Türkiyə, elə Rusiyanın özündə tərəfdarlarının sayını çoxaltmaqdadır. Hesab edirəm ki, hazırda qlobalistlər kimi Tramp seçilsə, yaxşıdır.

Trampın seçilməsi bizim, Türkiyənin milli maraqları üçün müsbət haldır. Onun yenidən prezident olması Qafqazın gələcəyi üçün  də əlverişlidir”.