Tramp və Bayden sadəcə oyunçulardır

Seçkinin taleyini ABŞ-ı idarə edən ailələr, korporasiyalar müəyyənləşdirir

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden açıqlama verib. O, seçkilərdə qalib gəldiyinə şübhə ilə yanaşmadığını bildirib. Bayden səslərin hesablandığını desə də, rəqibi, hazırkı prezident Donald Trampa qalib gəldiyini istisna etməyib: “Gedişatdan ümidliyəm. Hesablamalar bitir. Sonda senator Kamala Harisslə qalib olacağımızdan şübhəm yoxdur. Bu səbəbdən hər kəs sakit olsun. Gözləyirik ki, səslər toplansın. Qısa müddətdə nəticələri öyrənəcəyik”.

Qeyd edək ki, K.Harris vitse-prezidentliyə namizəddir. Bayden 71 milyon səs toplamaqla Amerikada ən çox səs toplamış namizəd kimi adını tarixə yazdırmış oldu. Nümayəndə sayına görə xeyli geri qalan Donald Trampın qərargahı isə nəticələri dəyişdirmək üçün məhkəmələrə müraciətlər ünvanlayır.

Miçiqan və Corciya ştat məhkəmələri “seçkidə saxtakarlıq” şikayəti ilə müraciət edən respublikaçı hüquqşünaslarının iddialarını rədd edib. Hər iki ştat məhkəməsi “seçkilərdə saxtakarlıq olmasına dair” iddia olunan sübutların yetərli olmadığına dair qərar çıxarıblar. 

Amerikada prezident kürsüsü uğrunda mübarizəni dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, ABŞ-da seçkilərin taleyini nə xalq, nə seçilmiş nümayəndələr həll edir. Onun sözlərinə əsasən, prezident seçkilərinin nəticəsini bu dövləti quran və idarə edən ailələr, korporasiyalar müəyyənləşdirir:

“İndiki seçkilərdə də belə olacaq. Ona görə Trampın ya Baydenin özlərini “qalib” kimi aparmalarına fikir verməyin. Kim məqsədəuyğun bilinsə, o da prezident olacaq. Digəri isə bu qərarla sakitcə razılaşacaq. Əgər əksi baş verərsə, bu o deməkdir ki, ya iki yüz ildir qurulan sistem çöküb, ya da Amerika dərin dövlətində parçalanma var”.