“Türkiyə bizi sonadək dəstəkləyir” - Məsləhətləşmələr aparılacaq !

“Həmçinin imzalanan bəyanatda, heç şübhəsiz, qardaş ölkənin də razılığı var” 


“30 il əvvəl yaşanan əzablar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcə vuruşaraq qələbə qazandı”. APA-nın məlumatına görə, bunu Türkiyə Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində qeyd edib. "Azərbaycanlı qardaşlarımız aşağıdakı atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olur". Pis günlər bitdi, bu gün zəfər günüdür və qutlu olsun”, - paylaşımda bildirilir. Həmçinin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana qələbə qazanması münasibətilə təbrik ünvanlayıb. “Twitter” hesabından paylaşdığı təbrikində türkiyəli nazir qeyd edib:
“Can Azərbaycan meydanda və masada əhəmiyyətli qalibiyyət əldə edib. Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”.

Beləliklə, iki dövlətlə bir millət arasındakı qardaşlıq münasibətini növbəti dəfə bütün dünyaya göstərildi.

 Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bu barədə düşüncələrini “Sherg.az”la bölüşüb: 

“Rəsmi Ankara vəziyyəti yaxşı görür və təhlil edir. Əlbəttə, bizim qardaşlıq münasibətlərimiz bir neçə günlük deyil. Odur ki, təəccüblənmək doğru olmaz.

Azərbaycan indiyədək olduğu kimi, bundan sonra da Türkiyə ilə məsləhətləşmələr aparacaq. Həmçinin imzalanan bəyanatda, heç şübhəsiz, qardaş ölkənin də razılığı var.

Türkiyə bizi sonadək dəstəkləyir”.