MÜHÜM TƏKLİF: “Qarabağa xarici investorlar cəlb edilsinlər”

“Xüsusilə türk sahibkarlar dəvət olunmalıdırlar”

“Bunun üçün onların müdafiəsi ilə bağlı qanun təkmilləşdirilməlidir”


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə Qırğızıstan Respublikasının ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Lou Muhammed arasında onlayn görüş keçirilib.
Görüşdə ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Müvəqqəti işlər vəkili Lou Muhammed Qırğızıstanın Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib. Həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Danışıqlar zamanı Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə əlaqələrin qurulması, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Təşəbbüsü dəyərləndirən iqtisadçı-ekspert Azər Mehtiyev “Sherg.az”a deyib ki, işğaldan azad olunan torpaqlar dövriyyəyə cəlb edilməlidir. Orada biznesin qurulması naminə ən vacib işlərdən biri, əlbəttə, xarici investorların əraziyə gəlişidir:

“Nəzərə almaq lazımdır ki, Qarabağın geniş turizm imkanları var. Həmçinin aqrar sənayə kompleksinin yaradılması üçün  imkanlar mövcuddur. Orada yerli kənd təsərrüfatı mallarının emalı ilə məşğul olan sənayə müəssisələrinin yaranmasına ehtiyac duyulur. 

Dediyim kimi, xarici, xüsusilə türk sahibkarlarının Qarabağa cəlb edilməsi vacibdir. Bunun üçün onların müdafiəsi ilə bağlı qanun təkmilləşdirilməlidir. Hökumətin 2004-2016-cı illəri əhatə edən proqramında sözügedən məsələyə toxunulmuşdu.

2017-ci ilin yanvarında isə investisiya ilə bağlı yeni bir qanun yaradılması haqqında fərman imzalandı. İndiki məqamda xarici investorların ölkəyə cəlb edilməsindən ötrü daha effektli addımların atılmasına ehtiyac var”.