Siyasi dialoq mühiti formalaşır

Qələbə paradı ərəfəsində gənclərin azadlığa buraxılması təqdir olunur

İyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib. Məhkəmənin həbs qərarı ev dustaqlığı ilə əvəzlənib və 15 gənc evə buraxılıb. Xatırladaq ki, ötən ay eyni maddə ilə təqsirləndirilən şəxslərdən 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi.

Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də var idi. 

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov hesab edir ki, bu qərar ölkədə siyasi konsensusun və vətəndaş həmrəyliyinin təmin olunması baxımından olduqca təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir. Partiya sədrinin sözlərinə görə, Ordumuza dəstək və Qarabağın işğaldan azad edilməsi məqsədilə keçirilən yürüşdə iştirak edən gənclərin Qələbə paradı ərəfəsində azadlığa buraxılması cəmiyyətimiz tərəfindən də müsbət hadisə kimi qarşılanıb:

“Hakimiyyət bu qərarı verməklə ölkədə siyasi dialoq mühitinin formalaşması və oturuşması üçün növbəti təqdirəlayiq addım atdı. Prezident 44 günlük müharibənin gedişində ən yüksək səviyyədə təzahür edən milli birliyin və həmrəyliyin bundan sonra da davam etdirilməsində maraqlı və qərarlıdır. Ümid edirəm, müxalif cameə də hakimiyyətin bu mövqeyini anlayışla qarşılayacaq və konstruktiv yanaşma ortaya qoyacaq. 15 məhbusun ev dustaqlığına buraxılması radikal müxalifətə də ciddi ismarıcdır. Radikal müxalifət bundan sonra qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir”.