Acı məğlubiyyət...

İrəvanın yarası çox dərindir

Bir tərəfdə ruspərəst siyasi elita, digər tərəfdə də qərbə meyilli təbəqə mövqe tutub

“Beynəlxalq güclərin illərdir əllərində alət etməyə çalışdıqları separatçı və işğalçı Ermənistan müharibədən sonra çox çətin bir dilemma qarşısında qalıb. Hər zaman özünün himayədarları arasında məkirli, hiyləgər siyasəti ilə manevr etməklə özünün mövcudluğunu qoruyub saxlamağa çalışıb.

Amma hazırkı durum bir qədər fərqlidir. Müharibədəki məğlubiyyət, ordunun darmadağın edilməsi, iqtisadi-siyasi çətinliklər hansı tərəfə istiqamətlənmək uğrunda siyasi qruplar arasındakı gərginliyi artırıb”.

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. R.Hüseynov qeyd edib ki, hazırda ölkə iki fikir hökm sürür: ya ənənəvi istiqamətdə getməklə ölkənin asılılığını daha da artırmaq, ya da ki, Rusiya təsirindən qurtularaq qərbə sığınmaq:

“Çətin durumda olan əksər erməni əhalisi bunun səbəbi kimi Ermənistanın Rusiyanın fortpostu olmasında, idarəetmədə ruspərəst şəxslərin üstünlük təşkil etməsində, bütün dövlət müəssisələrinin onun nəzarətinə keçməsində, ümumilikdə isə asılı bir ölkə kimi yaşamasında görürlər. Bu cür mövqe ruspərəst siyasi elita ilə qərbmeyilli əhali arasında gərginliyi dərinləşdirir. Düzdür, Rusiyanın müharibənin son anında yenə Ermənistanı və erməniləri köməksiz qoymaq istəməməsi, himayədarlığını qoruyub saxlaması cəmiyyətin narazı qrupunun müəyyən qisminin dəyişmiş etimadını bərpa etdi. Yəni əgər Rusiya olmasaydı, Ermənistan tamamilə rəzil duruma düşərdi”.

Politoloq vurğulayıb ki, buna baxmayaraq əksər erməni əhalisi qərbə inteqrasiya etməklə mövcud problemlərin öhdəsindən gəlməyi, Rusiyanın təsirindən qurtulmağı düşünür:

“Onlara görə qərbə istiqamətlənmək, demokratik idarəetmənin genişlənməsinə, kriminal, separatçı rejimin dəyişilməsinə imkan verəcək. Lakin ümumilikdə bütün erməni cəmiyyəti yaxşı bilir ki, Rusiya ilə əlaqələrin tamamilə kəsilməsi Ermənistanın daha ciddi böhranla üzləşməsinə, hətta dövlət olaraq mövcudluğunun sual qarşısında qalmasına gətirib çıxaracaq.

Digər tərəfdən hazırkı durumda olan Ermənistanın qərb dövlətləri tərəfindən birmənalı qəbul edilməsi, öz sıralarına qatmaq istəmələri inandırıcı görünmür. Bu durumda qərb dövlətləri daha ehtiyatlı davranmağa üstünlük verirlər. Eyni zamanda Rusiya da Ermənistanın indiki vəziyyətindən özünə uyğun istifadəsində maraqlıdır.

Beləliklə, Ermənistandakı siyasi gərginlik fonunda təəccüblü olmayan bir məqam da diqqəti cəlb edir. Müxtəlif düşüncəli siyasi elita nümayəndələrinin hamısının bəyanatlarında separatçılıq, işğalçılıq meyillərinin hələ də qalmasıdır. Hakimiyyətə gəlməyə cəhd edən namizədlərin əksəriyyəti hansısa dövlətin himayəsinə sığınmaqla, özlərinə düşmən hesab etdikləri qonşuları ilə gələcək münasibətlərini güc yolu ilə, qisasçılıq zəmində həll edəcəklərini ifadə edirlər.

Belə qənaətə gəlmək olur ki, bu cür separatçı dövlətin rəhbərlərinin kimlərdən ibarət olmasından asılı olmayaraq onların təfəkküründə kök atmış xəstə erməni ideyalarının dəyişməsi mümkünsüzdür”.