Günahkar Amerikadır !- “ Türkiyəyə raket satmadı, sonra isə...” – Sanksiya hədəsi! 

“Ankara Moskva ilə danışıqlara başlamaq məcburiyyətində qaldı və S-400 raketləriylə bağlı razılaşma əldə etdi”

“Bayden prezident olduqdan sonra Türkiyəyə qarşı sanksiyalardan imtina etməyəcək”

“Vaşinqton da Türkiyənin bölgədə oynadığı rolu nəzərə alaraq Ankara ilə dialoqdan qopmayacaq”

“ABŞ-ın və Avropanın Rusiya və Türkiyəyə qarşı sanksiyaları bu iki dövləti bir-birinə yaxınlaşdırır”

“Bu yaxınlaşma Azərbaycanın da maraqlarına uyğundur”



Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın S-400 silahlarının alışıyla əlaqədar rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiqetmə qərarını qınayırıq və rədd edirik.
Türkiyəni S 400-ləri almağa sövq edən səbəbi hamı çox yaxşı bilir. Hətta, Prezident Donald Tramp özü də Türkiyənin bu barədə haqlılığı mövzusunda bir neçə dəfə çıxış edib.

Bu baxımdan, ABŞ-ın iki müttəfiqə yaraşacaq bir şəkildə dialoq və diplomatiya yolu ilə məsələni həll etmək təklifimizi qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması düşüncəsiz hərəkətdir.

Baş verənlərlə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlama verib. H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir:

“NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir. Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib.
Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır”.

Vəziyyəti “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi gözlənilən idi:

“Sanksiyalar Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə əlaqəlidir. Ancaq bu izdivacın günahkarı elə Amerikanın özüdür. Çünki, Türkiyə oxşar raket sistemlərini Amerikadan almaq istəyirdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana raket sistemlərini Türkiyəyə satacağını söz versə də, vədini yerinə yetirmədi. Bundan sonra Ankara Moskva ilə danışıqlara başlamaq məcburiyyətində qaldı və S-400 raketləriylə bağlı razılaşma əldə etdi”.

Analitik bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları iki hissədən ibarətdir:

“Birincisi, ABŞ Türkiyənin müəyyən etdiyi şəxslərə qarşı sanksiya tətbiq edib. Həmin şəxslər Türkiyənin müdafiə sənayesinə rəhbərlik edənlərdir. Onların ABŞ-dakı bank hesabları dondurulacaq, viza verilməyəcək. Amerika bu növ sanksiyanı əvvəllər də müxtəlif türkiyəli rəsmilərə qarşı tətbiq edirdi. Ancaq bu növ sanksiyaların heç bir mənası yoxdur. Çünki həmin şəxslər nə Amerikaya səfər etmək marağındadır, nə də Amerikada mülkləri var.

 İkincisi, Türkiyə ABŞ-dan ixracat lisenziyalarını, eləcə də ABŞ-a bağlı maliyyə qurumlarından kredit ala bilməyəcək. Məlumdur ki, Türkiyə müdafiə sənayesi son illər xeyli inkişaf edib. Buna baxmayaraq, son illərə qədər Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikanın vacib detalları Amerikadan alınırdı.

Sanskiyaların tətbiqindən sonra bu mümkün olmayacaq. Ancaq Ankara üçün bu da çox böyük problem yaratmayacaq. Çünki mümkün sanksiyaları ehtimal edən Ankara həmin detalların ya istehsalına başlayıb, ya da istehsalına yaxındır. Məsələn, bir neçə gün əvvəl Türkiyə helikopterlərin mühərriklərini də istehsal etməyə başlayıb. Bununla bağlı keçirilən tədbirdə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da iştirak edib.

Donald Trampın türkiyəli həmkarıyla münasibətləri normal idi. Ancaq Amerikada bütün qərarlar prezidentdən asılı deyil. Bəlkə biznesmen kimi Tramp Türkiyəyə bahalı hərbi təyyarələr və raket sistemləri satmaq istəyərdi. Ancaq Konqress, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi buna mane oldu”.

E.Şahinoğlu vurğulayıb ki, Donald Trampdan fərqli olaraq ABŞ-ın yeni prezidenti Cozef Baydenin Türkiyəyə münasibəti tənqididir və o, sanksiyaları dəstəkləyir:

“Buna görə də Bayden prezident olduqdan sonra Türkiyəyə qarşı sanksiyalardan imtina etməyəcək.

Ankara mövcud sanksiyalara baxmayaraq, Baydenlə normal münasibətlər qurmağa hazırdır. Əlbəttə, Vaşinqtonun Türkiyənin düşmənlərinə - PKK və Fətullah Gülənə verdiyi dəstək Ankaranı hər zaman narahat edib.

Ancaq Ankara Vaşinqtonla dialoqdan imtina etməyəcək. Vaşinqton da Türkiyənin bölgədə oynadığı rolu nəzərə alaraq Ankara ilə dialoqdan qopmayacaq.

Buna baxmayaraq, son illər ABŞ və Türkiyənin maraqları kəsişir. Bu Rusiyanın da maraqlarına uyğundur.

Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarını tənqid edib. ABŞ-ın və Avropanın Rusiya və Türkiyəyə qarşı sanksiyaları bu iki dövləti bir-birinə yaxınlaşdırır. Bu yaxınlaşma Azərbaycanın da maraqlarına uyğundur.

Rusiya və Türkiyə Cənubi Qafqaza sərhədi və təsir imkanları olan dövlətlərdir. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xeyrinə tam həll olunması üçün Moskva ilə Ankaranın əməkdaşlıq etməsi bizim üçün faydalıdır”.