Sorğu: Redaksiyalar iş rejimini necə qurub? – Jurnalistlər danışır 


Ölkəmizdə COVİD-19-a yoluxan, həmçinin dünyasını dəyişənlərin sayı durmadan artır. Yoluxma baxımından riskli sahələrdən biri də jurnalistikadır . Təəssüf ki, son günlər koronavirusa yoluxan, vəziyyəti ağırlaşan həmkarlarımızın sayı da artmaq üzrədir. Elə bu günlərdə hərbi jurnalist Rəşad Süleymanovun virusdan dünyasını dəyişməsini sübut kimi göstərə bilərik. Bundan başqa, jurnalistlər Famil Fərhadoğlu, Tural İsmayılov və başqalarının Covid-19-a yaxalanmasını hər kəsə məlumdur. Məhz bu amillər media nümayəndələrinin redaksiyadan deyil, evdən çalışmasını şərtləndirir.

“Sherg.az” olaraq jurnalistlərin iş rejimi barədə kiçik sorğu keçirərək, müxtəlif qəzet və sayt əməkdaşlarının fəaliyyətini necə qurduqlarını öyrəndik:

“Bizə işə gəlməklə bağlı tələb yoxdur”

“Xalq Cəbhəsi” qəzetinin müxbiri Əli Zülfüqaroğlu onlayn qaydada işlədiklərini dedi:

“Bizə işə gəlməklə bağlı tələb yoxdur. Redaksiyaya getmək zərurəti yaranırsa, o zaman işə gedirik. Redaksiya daha çox onlayn qaydada işləyir. Baş redaktor isə hər gün işdə olur”.

“Öz sıralarımızdan qurbanlar verdik”

“Bizim Yol” qəzetinin əməkdaşı İlhamə Rəsulova da evdən çalışdıqlarını söylədi:

“Bizim müdiriyyət koronavirusla bağlı çox məsuliyyətli davranır. Mart ayından etibarən, yəni xəstəlik ölkəmizə yeni ayaq açandan evdən iş rejiminə keçdik. Sonra bir müddət xəstəlik səngiyəndə ofisə getsək də, ikinci dalğada yenə qapandıq. Çünki artıq öz dəstəmizdən, öz sıralarımızdan qurbanlar verdik. Yalnız ən vacib hallarda redaksiyaya gedirik”.

“Evdən işləyirik”

“Azvision.az” saytının əməkdaşı Tural Tağıyev yay ayından etibarən iş rejimlərinin dəyişdirildiyini bildirdi:

“Yəni, redaksiyadan çalışmırdıq. Müharibə dövründə məlum informasiya savaşında aktiv iştirak etmək üçün rejimdə dəyişiklik edildi və hazırda yenidən evdən işləyirik”.

“Növbətçilik sisteminə keçmişik”

“Yeniçağ.az” saytının reportyoru Səxavət Məmməd virusun böyük bəlamıza çevrildiyini söyləyib:

“Dostlarımızı itiririk. Ola bilsin hansısa redaksiya işçiləri ofisdən işləməyə məcbur olub. Düzdür, virusla yaşamağı öyrənməliyik. Ancaq ətrafımızı da düşünmək məcburiyyətindəyik. Kimin daşıyıcı olduğu bəlli olmadığı bir dönəmdə ofisdən işləməyi düzgün hesab etmirəm. İnternet üzərindən həll ola bilən iş üçün ofisə getmək doğru sayılmaz. Ancaq qərarlara da hörmətlə yanaşıram. Hazırda evdən işləyirəm. Növbətçilik sisteminə keçmişik. Bir nəfərin yoluxacağı halda, digərlərinin də həyatının təhlükəyə atacağımızı nəzərə alaraq, bu doğru qərardır”.

Gah növbəli, gah da onlayn qaydada çalışırıq

“Cebhe.info” saytının və “Cümhuriyyət” qəzetinin müxbiri Alçina Amilqızı bildirib ki, həm onlayn, həm də növbəli rejimlə fəaliyyət göstərirlər:

“Azərbaycan da bütün dünya kimi bir ildir koronavirus pandemiyası ilə mübarizə aparır. Pandemiya ilə mübarizədə ən sərt və uzunmüddətli karantin tədbirlərinin Azərbaycanda tətbiq olunmasını nəzərə alsaq, aylardır həm insanların ənənəvi, həm də müəyyən sahə adamlarının iş rejimi pozulub. Təbii ki, informasiya məkanında daha əhəmiyyətli rola sahib olan medianın da pandemiya dövründə fəaliyyət ritmi bir qədər dəyişib. Ölkənin hazırki epidemiloji durumu daha gərgindir və risk hələ ki, davam edir. Bu baxımdan düzgün qərarların verilməsinə ehtiyac yaranır. İnsanların sağlamlığının qorunması ön plana çəkildiyi üçün bu və ya digər formada media öz fəaliyyətini davam etdirir. Əslində pandemiya ölkədə mövcud olandan bəri media fəaliyyətini bir gün belə olsa dayandırmadı. Eləcə də “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzeti olaraq biz də... Sadəcə epidemioloji duruma görə gah növbəlilik prinsipi ilə, gah məsafəli, uzun müddət isə onlayn qaydada, yəni evdən işimizi davam etdiririk. Digər kütləvi informasiya vasitələri kimi yalnız bir məqsədi -cəmiyyəti məlumatlandırmaq istiqamətində öz açar rolumuzu qoruyub saxlamağa çalışırıq. Əlbəttə ki, “döyüş” adlandıra biləcəyimiz bu mübarizədə adımız kimi ön cəbhədə və həm də risk zonasında yer alırıq...Nə qədər effektli ola bilirik bilmirəm, hər halda ekstremal vəziyyətlərdə də kollektiv olaraq qorunmağa çalışırıq”.