Ermənilər hər zaman təxribatlar törədə bilərlər

Onların çəkinəcəyi bir faktor var, o da Azərbaycanın gücüdür

Bu “Domokl qılıncı”nı daimi düşmənin başının üstündə saxlamaq lazımdır


Zəngilan, Qubadlı və Laçın istiqamətində sərhədlərin demarkasiyası prosesi həmsərhəd ərazilərdə yaşayan ermənilərin sərt etirazları ilə müşaiyət olunur. Dövlət sərhədlərinin bərpasını Zəngəzurun (Sünik –red) həmsərhəd kəndləri üçün təhlükə hesab edən erməni müxalifəti əhalini Paşinyana qarşı qaldırmaqla məşğuldur. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri hesabına hansısa “təhlükəsizlik zolağı” saxlamağa çalışırlar. Baş nazir Nikol Paşinyan xalqa müraciətində bildirib ki, Ermənistan qüvvələri beynəlxalq hüquqla tanınan sərhədlərə yerləşdirilir.

Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq aləmdə tanınan sərhədlərindən kənarda döyüş əməliyyatlarının bərpası riski var: “Əgər bu gərginlik dövlət sərhədində yaşansaydı, Sünik vilayətinin ərazisinə keçə bilərdi və nəticələri ağır olardı. Biz bu gün rəsmən tanınan sərhədlərimizə çəkilməklə Sünik üçün təhlükəsizlik zəmanəti yaradırıq”. Qeyd edək ki, sərhədlərin demarkasiyası nəticəsində Ermənistanın işğal illərində çəkdiyi və Sünikin bir neçə kəndini birləşdirən yolun bəzi hissələri Azərbaycanın nəzarətinə keçir. Məlumata görə, bu yolda təhlükəsizliyi Azərbaycan, Rusiya və Ermənistan sərhədçiləri təmin edəcək. Ekspertlərin fikrincə, Paşinyan mövcud reallığı erməni cəmiyyətinə izah etməyə çalışsa da, görünən odur ki, Ermənistanda bəzi siyasi dairələr, müxalif qruplaşmalar işğalçılıq ambisiyalarından vaz keçmək istəmirlər. Hətta bəzi siyasilər yenidən müharibə ritorikasına üstünlük verir, torpaqların “itirilməsinin” yolverilməz olduğunu iddia edirlər. Rusiyalı hərbi ekspert İqor Korotçenko Teleqram səhifəsində erməniləri ağıllı addımlar atmağa səsləyib. Analitik vurğulayıb ki, erməni cəmiyyəti revanş cəhdlərini əbədi unutmalı və Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir: “Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq. Yerevanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu geosiyasi fəlakətə sürükləyəcək”. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə bildirib ki, ermənilərin uzunmüddətli sülhlə razılaşmayacaqları, gələcəkdə yenidən təxribata əl atacaqlarını indidən proqnozlaşdırmaq mümkündür. Deputatın fikrincə, ermənilər əvvəlki xislətlərindən heç zaman vaz keçməyəcək:

“Tarix boyu bunu müşahidə etmişik. Harada erməni varsa, orada hər zaman münaqişə və qarşıdurma olub. Vaxtı ilə ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesində iştirak edən A.S.Qriboyedov Rusiya çarına məktubunda yazırdı ki, “nəbadə erməniləri rus torpaqlarında yerləşdirəsiniz. Çünki bir müddət yaşadıqdan sonra həmin ərazilərin onlara məxsus olduğunu iddia edəcəklər”. Erməni toplumu hər zaman başı üzərində güc hiss etməlidir. Güc amilini “Domokl qılıncı” kimi ermənilərin başının üstündə saxlamaq lazımdır. Ermənilərin çəkinəcəyi faktor olmasa, əvvəl-axır öz iddialarına qayıdacaqlar. Bu, sübuta ehtiyacı olmayan reallıqdır. Əminliklə deyə bilmərik ki, erməni xalqı həqiqəti dərk etdi və reallıqla barışdı. Paşinyan hakimiyyətə gələrkən Qarabağ kartından istifadə edərək öz siyasi karyerasını qurmağa çalışırdı. Əslində baş nazir özü də reallığı dərk etmirdi. Azərbaycanın gücünü hesablaya bilmirdi. Ölkəmizə qarşı kəskin ritorikadan isifadə edirdi.

Komanda üzvləri də eyni formada rəsmi Bakını hədələyirdilər. Sabiq müdafiə naziri Tonoyan ABŞ-da “yeni ərazilər üçün yeni müharibə” ifadəsini işlətmişdi. Deməli, Paşinyan hökuməti də yeni torpaqlar işğal etməklə siyasi hakimiyyətinin ömrünü uzatmaq istəyirdi.

Lakin 44 günlük müharibədə Azərbaycanın gücünə yaxından bələd oldular. Dəmir yumruğun zərbəsini daddıqdan sonra Paşinyan qəflət yuxusundan ayıldı. İndi ona görə cəmiyyətə deyir ki, reallığı qəbul etmək lazımdır. Baş nazir gözəl başa düşür ki, imza atdığı kapitulyasiya sənədinə qeyd-şərtsiz əməl etməlidir. Çünki şərtlərdən kənara çıxmaq, problem yaratmaq ilk növbədə Paşinyanın özünə baha başa gələcək”. 

Parlament üzvü diqqətə çatdırıb ki, müharibə Ermənistana böyük zərbə vurub. Onların özlərinə gəlməsi üçün illər lazım olacaq:

“Həm ölkənin, həm də hökumətin düşdüyü ağır vəziyyətindən istifadə edərək öz siyasi karyeralarını qurmağa cəhd göstərən qüvvələr var. Əslində reallığı onlar da dərk edirlər, sadəcə hakimiyyəti ələ keçirmək üçün Paşinyana qarşı etirazı gücləndirməyə çalışırlar.

Ermənistanda siyasi gərginlik uzun müddət davam edəcək və sabitlik yaranmayacaq. Çünki Paşinyanı dəstəkləyən ciddi kənar qüvvələr var. Onlar texnologiyaları ustalıqla tətbiq edə bilirlər. Çox güman, Paşinyanı hakimiyyətdə saxlamağa çalışacaqlar.

Amma baş nazirə qarşı çıxanlar da az deyil və kifayət qədər ambisiyalıdırlar. Bütün bunlar Ermənistanda kəskin qarşıdurmaların baş verəcəyini göstərir”.