İlham Əliyevin ordusu...

Azərbaycan Prezidenti fəaliyyəti ilə ilin siyasətçisi oldu

Dövlət başçısı həm də Qafqazın siyasi lideri olmaqla bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır

Rusiyanın nüfuzlu “Vedomosti” nəşri “İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrini elan edib. Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi əsasında “İlin siyasətçisi” elan olunub. Nəşr yazıb ki, Azərbaycan Prezidentini haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasında isə əsl zəfər əldə edən yeganə lider adlandırmaq olar. Qeyd edək ki, “İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya, Türkiyə və Belarus prezidentləri də olub. 

Millət vəkili Cavid Osmanov “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin lider portreti ona kənardan daha çox diqqət cəlb edir. Deputatın sözlərinə görə, dövlət başçısı İlham Əliyev Qafqazın siyasi lideri olmaqla bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır: “Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən Prezident İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazanıb. Rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdiralayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyadakı böyük nüfuzu təəccüblü görünə bilməz. Azərbaycan Prezidentinin uğurlu siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi faktları çoxdur.

Ölkə rəhbərimiz bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub. Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib. Prezidentimizin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması təbii ki, onun fəaliyyətinin məntiqi nəticəsidir. Çünki dövlət başçısı XXI əsrdə ölkələrin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. Azərbaycan lideri bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada əməkdaşlığın təmin olunmasının vacibliyini ən uca tribunalardan bəyan etdi”. 

Parlament üzvü vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığını, misilsiz diplomatik fəaliyyətini bir daha dünyaya sübut etdi:

“Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən güclü lider kimi Zəfər tarixi yazdı. Müharibə dövründə və ondan sonrakı günlərdə dövlət başçısının həyata keçirdiyi siyasət çoxlarını heyran qoydu. Ölkə rəhbəri güclü xarakteri, uzaqgörənliyi, rasional və milli maraqlara xidmət edən siyasəti ilə əsl lider olduğunu dəfələrlə isbatladı. Məhz Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. İham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir”.