Ordumuzun hərbi hazırlığı daha da yüksələcək 

Ermənistana özünə gəlmək üçün illərlə vaxt lazımdır

Ermənistan hər il məktəbli və tələbələrin iştirakı ilə hərbi düşərgələr təşkil edir. Düşərgələrdə erməni gənclərə işğal siyasəti haqqında məlumatlar təbliğ olunur, Ermənistanın və Qarabağın tarixi haqqında saxta məlumatlar verilir, hərbi biliklər aşılanır. Qeyd olunan layihələr əsasən Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Universitet tələbələri ilə yanaşı Ermənistanın hərbi-siyasi rəhbərliyi məktəbliləri də bu düşərgələrə cəlb edirlər. Hətta bəzi düşərgələr erməni gəncləri üçün məcburidir. Məsələn, “Aspet” hərbi təlim düşərgəsi “Mxitar Sebastatsi” təhsil kompleksində oxuyanlar üçün məcburidir. Ermənistanın təhsil planı ilə hərbi elmi dərslərini düşərgədə keçirməsinə icazə verilir. İrəvanın “Kvant” məktəbi də belə bir düşərgəyə sahibdir.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Şərq"ə açıqlamasında bildirib ki, bu günləri Azərbaycan əsgər və zabitləri ən müasir texnikaları öyrənirlər. O vurğulayıb ki, hərbiçilərimiz qonşu dövlətlərlə təlimlərdə də iştirak edirlər:

"Qeyd edim ki, Müdafiə Nazirliyi hərbi hissələrdə elə bu günün özündə də təlimlər keçirir.

Hərbiçilərimiz həm dağ, həm dəniz, həm də düzənlik şəraitində mütəmadi olaraq təlimlərə cəlb olunurlar. 44 günlük müharibədə qalib gəlsək də, Azərbaycan Ordusu hər zaman döyüşə hazır vəziyyətdə olmalıdır.

Bunun üçün də bütün şəraitlər ölkəmizdə yaradılıb. Bu gün bir sıra təlim mərkəzləri var.  Burada əsgərlərə müasir texnikalardan istifadə qaydaları öyrədilir.

Onlar da bu sahədə professionallıq göstərə bilirlər. Sirr deyil ki, 44 günlük müharibədə Azərbaycan əsgəri, zabiti yüksək peşəkarlıq göstərdi.  Bu gün o peşəkarlığı, Azərbaycanın müharibə təcrübəsini xarici dövlətlər  də öyrənməyə cəhd göstərirlər".

C.Xəlilov əlavə edib ki, Ermənistanın hərbi hazırlığı və təlim düşərgələri heç bir halda bizləri qorxutmur:

"Ermənistan öz ordusunu gücləndirmək üçün ona illərlə vaxt lazımdır. Çünki Ermənistanın istifadəsində olan texnikaların 90 faizi bu günləri Azərbaycandadır.  Ermənistan heç vaxt Azərbaycanı qorxuda bilməz və Azərbaycan Ordusuna qalib gələ bilməz. Ölkəmizdə ordu hazırlığına ölkə başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir.

Əsgərlərin mənəvi-psixoloji durumu, mənəvi, fiziki hazırlığı diqqət mərkəzindədir. Ölkəmizdə çoxlu təlim mərkəzləri, ali hərbi məktəblər və hərbi akademiyalar fəaliyyət göstərir.

Günü-gündən Azərbaycan Ordusunun hərbi hazırlığı daha da yüksələcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycan 44 günlük müharibədə qazandığı rəşadəti daha da gücləndirəcək".