Üçtərəfli görüş: Masada nələr olacaq? – ““Altılıq platforması” və...

Sabah Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun Azərbaycana rəsmi səfəri olacaq. Fevralın 19-da isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkaliani ölkəmizə gələcək. Bu barədə Xarici İşlər Nazirliyimizin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki,  fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Əlbəttə, üç regional ölkə arasında belə bir görüşün keçirilməsi ciddi perspektivlər vəd edir.
 Üçtərəfli görüşün xüsusilə İkinci Qarabağ müharibəsindən sonra təşkil edilməsi bölgədə sabitliyin təmin olunmasına dair təşəbbüslərdən xəbər verir. 



“Atlas” Araşırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sözügedən görüşün müzakirə predmetlərini “Sherg.az”a açıqladı:

 “İndiyədək oxşar formatlarda görüş keçirilib. Əlbəttə, sözügedən üçtərəfli müzakirə də xüsusi əhəmiyyətlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “altılıq platforması” barədə danışılacaq. Eyni zamanda bildiyiniz kimi, Gürcüstanla Ermənistan arasında dəmiryolu xəttinin açılması gündəmdədir. Yəqin, bu məsələ də müzakirə eiləcək. Hər halda Rəsmi Tbilisinin belə bir məsələyə müsbət cavab verəcəyinə inanmıram”.

 E.Şahinoğlunun fikincə, “altılıq platforması”nın yaradılması üçün “daşlar tam yerinə oturmalıdır”: 

“Dörd dövlət bu təklifə artıq müsbət cavab verib. Ermənistan hazır olmadığını deyirdi. Lakin başqa alternativi yoxdur. Kreml bu məsələdə ona kifayət qədər təzyiq göstərir.

Gürcüstan isə haqlı olaraq Rusiya ilə eyni layihədə olmaq istəmir. Çünki Moskva onun torpaqlarını- Osetiya və Abxaziyanı işğal edib. Yəni Qərb qonşumuzun bu reaksiyası başa düşüləndir.

Əgər Rusiya altılıq platformasının yaradılmasını istəyirsə, onda işğalçılıq siyasətindən, separatçılıq meyillərindən əl çəkməlidir.

Əks halda Gürcüstan bu birliyə qoşulmayacaq. Onu da deyim ki, Azərbaycanın qələbəsi Gürcüstanın diqqətini çəkib. Bizim möhkəmlənməyimiz onun maraqlarına cavab verir.

Azərbaycan və Türkiyə də Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyir. Lakin orada bizə qarşı təxribat törədənlər gərək diqqətli olsunlar.

Bilsinlər ki, Azərbaycan əleyhinə hərəkət, həm də Türkiyəyə qarşı atılmış addımdır. Biz müharibə dövründə də faktiki olaraq vahid dövlət olduğumuzu göstərdik”.