Deputat: “Feminizm milli-mənəvi kimliyimizə zərərdir” - Yol verməyək !

Artıq bir neçə ildir ki, 8 mart Beynəlxalq Qadınlar Günündə Bakının mərkəzində bir qrup feminist aksiya keçirir. Martın 8-də yenə bu ənənəyə sadiq qalaraq, feministlər Fəvvarələr meydanınında qadın hüquqlarına diqqət çəkmək üçün icazəsiz aksiya keçirdilər.

Bakı Şəhər İcra Hakimiyyəti əvvəlcədən bu aksiyanın keçirilməsinə icazə verməmişdi. Lakin feministlər  buna məhəl qoymayıb, aksiyalarını həyata keçirdilər. Aksiya zamanı feministlər “Qadın qətlləri siyasidir!”, “Qadın kimi savaş!” və sairə bu kimi şüarlar səsləndirərək, “İstanbul Konvensiyası”nın qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini, qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını tələb ediblər. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Lakin sonradan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirdi ki, aksiyaya cəhd zamanı saxlanan olmayıb, “qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.


8 mart günü keçirilən aksiya bu dəfə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əksinə, bundan əvvəlki illərdə olduğu kimi, yenə də səsləndirilən şüarlar böyük əksəriyyətdə qıcıq doğurdu.

Milli Məclisin iclasında millət vəkili Tahir Kərimli “İstanbul Konvensiyası”nın qəbulunun yolverilməz olduğunu söyləyib .

Parlament üzvü Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb:

“Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir”.



Millət vəkili Ülviyyə Həmzəyeva “Sherg.az”a bildirib ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, adət-ənənələrimizin, mədəniyyətimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparıb:

“Qadınlarımız dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunəsi olub. Tarixdə Azərbaycan qadını müdrik, vətənə, torpağa sədaqətli, cəsur və qorxmaz olmaqla bərabər, bir çox çətin vəziyyətlərdə düzgün yol seçməyi bacarıb. Azərbaycan qadını uzaqgörən siyasət yeridərək, kişiləri də bu yola istiqamətləndirib. Ölkə və eləcə də dünya tarixində ədəbiyyat, mədəniyyət, elm sahələrində yer tutan və ictimai xadim olan qadınlarımız vardır.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində bütün dünyada yüksək qiymətləndirilir”.

Xanım deputat vurğulayıb ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir:

“Qadınlarımızın bu şərəfli missiyalarını gerçəkləşdirmələri üçün Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün bütün gərəkən addımları atır. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli  Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılıb. Həmin ildə “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” qanunun imzalanması, kişi  və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər  təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.

Gender bərabərliyini, ailə, qadın, uşaq hüquqlarını qoruyan və dünyanın bir çox ölkəsinə nümunə ola biləcək ölkəmiz var. Feminizm kimi zərərli fikirlərin və xarici ünsürlərin ailə dəyərlərimizə, milli-mənəvi kimliyimizə zərər verməsinə yol verməməliyik”.