Regionlarda torpaq bazarında aktivlik artır

"Hökumətin təşviq proqramı olsa Bakıda sıxlığı azaltmaq da mümkün olar"


Hazırda torpaq bazarı üçün aktiv bir dövrdür. Bu aktivlik yaxın zamanlarda regionlarda özünü göstərəcək. Yay ayları yaxınlaşdıqca Bakı və Abşeron ərazisində bir qədər passivlik müşahidə edilə bilər. Çünki müəyyən alıcı kütləsi artıq regionlara maraq göstərir. Bu səbəbdən regionlarda torpaq qiymətlərinə olduqca təsir edəcəyi gözlənilir.

Regionlarda torpaq qiymətlərinin bahalaşmasına münasibət bildirən iqtisadçı-ekspert  Nazim Bəydəmirli "Şərq"ə bildirib ki, pandemiya səbəbindən insanlar rayonlara üz tutur və orada fərdi təsərrüfat işləri ilə məşğul olurlar:

"Bu hal daha çox mövsüm ilə bağlı ola bilər. Yaz və yay aylarında insanlar istirahət etmək üçün regionlara üz tuturlar. Həmin səbəbdən də aktivlik yaranır.  Aktivliyin artmasının iqtisadi tərəfləri də var. Ötən illərdə Bakı şəhərinə rayonlardan bir qrup tikinti sahəsində çalışan insanlar iş üçün müvəqqəti olaraq gəlirdilər.  İndi pandemiya dövrü olduğuna görə tikinti sektorunda aktivlik bir qədər azalıb.  İnsanlar daha çox rayonlarda təsərrüfat işləri ilə məşğul olur, çörəklərini də buradan çıxarırlar" . 

Nazim bəy deyir ki, regionlara tələbatın çoxalması Bakıda sıxlığın azalmasına da kömək edəcək:

"Mövzu olduqca vacib və aktual xarakter daşıyır. İnsanların regionlara üz tutması Bakıda sıxlığın azalmasına, qiymətlərin optimallaşmasına da gətirib çıxaracaq.  Məskunlaşma Bakıda çoxluq təşkil etdiyi üçün bahalaşma da ilk olaraq burada müşahidə edilir.

Hesab edirəm ki, bu tendensiya davam eləsə və hökumətin təşviq proqramı olsa Bakıda sıxlığı azaltmaq da mümkün olar".