Yazda yumurta ucuzlaşacaq

Qış aylarına görə indi bu məhsulun istehsalı azalıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 301,7 mln. ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5 faiz azdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə "Şərq"ə deyir ki, istehsalın azalması  prosesi  mövsümlə əlaqədardır:
"Məsələyə ümumi olaraq baxanda onu demək lazımdır ki, Azərbaycanda yerli broyler şirkətləri istehlakçıları  yumurta və toyuq əti ilə təmin edə bilir. Yumurta istehsalının azalmasına səbəb olan  mövsümi şəraitdir. Qış aylarında toyuqların yumurtlaması aşağı düşür və buna görə də nisbətən azalma müşahidə edilir. Yumurta istehsalının azalması həmçinin məhsulun qiymətinin artımına səbəb olur. Yaz aylarında bu göstəricilərin artmağı gözlənilir. Bu zaman isə yumurtanın qiyməti də enəcək".