Əvvəl psixoloji diaqnostika aparılmalıdır

Məişət zorakılığı ilə bağlı mühafizə orderinin verilməsi müsbət addımdır

Amma bəzən insanlar order məsələsindən sui-istifadəyə yol verə bilər


Son zamanlar əri tərəfindən zorakılığa məruz qalan, hətta qətlə yetirilən qadınlar haqqında tez-tez xəbərlər eşidirik. Qanuna bu insanları qorumaq üçün mühafizə orderi daxil edilsə də, statistik rəqəmlərə görə, onun üstünlüklərindən xəbəri olanların sayı çox azdır. Qeyd edək ki, mart ayı ərzində Ədliyyə Nazirliyinin İcra xidmətinin icraatında məişət zorakılığı ilə bağlı ümumi 13 icra sənədi olub. Nazirlikdən bildirilib ki, onların biri uzun, on ikisi isə qısamüddətli mühafizə orderləridir.

2010-cu ildə qəbul edilən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun Mühafizə Orderi adlı bəndi var.

Bir çoxlarının məlumatı olmasa da həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs, qanunun ona tanıdığı üstünlükdən yararlana bilər. Amma bu mühafizə orderləri insanları təhlükədən nə dərəcədə qoruya bilir? 

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən psixoloq Fərqanə Mehmanqızı deyib ki, mühafizə orderinin verilməsi müsbət addımdır. Psixoloq qeyd edib ki, bunun psixoloji cəhətdən ağır təhlükəsi də ola bilər:

"Bildiyimiz kimi, insanlarda bir çox psixoloji travmalar var. Habelə, hər bir insan individualdır və baş verən hadisələrə fərqli yanaşma sərgiləyir. Hesab edirəm ki, ilk olaraq məişət problemlərində insanlar arasında psixoloji diaqnostika aparılmalı və onlar psixoloji baxışdan keçməlidirlər.

Çünki bəzən insanlar order məsələsindən sui-istifadəyə yol verə bilər.

Fərqli yanaşmalar sərgiləyə bilərlər. Ona görə də hesab edirəm ki, insanların ilk olaraq psixoloji durumlarının yoxlanılması zəruri və labüddür".